EtErmənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Laçın-Xankəndi yolundan hərbi təchizat və təxribat məqsədləri üçün yararlanmağa çalışdığını dəfələrlə bildirib, bununla bağlı əyani faktları təqdim edib. Azad edilmiş ərazilərdə, xüsusilə də Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkarlanması buna əyani sübut olub.
Ermənistanın Beynəlxalq Qırmızı Xaç Komitəsindən siyasi məqsədləri üçün sui-istifadə etməsi açıq şəkildə göstərir ki, regionda beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur. Ağdam-Xankəndi yolu açılmalıdır. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir.
BMT-nin son qərarı Ermənistan rəhbərliyində və Qarabağdakı separatçı xunta rejimində dərin məyusluq yaradıb. Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. Əslində, BMT-nin son qərarından sonra bu prosesin sürətlənəcəyini də əminliklə söyləmək olar.
Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə – “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir.
Qarabağ müstəqil dövlət olmayacaq. Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq. Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur. Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir.
Hikmət Qələmov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi