Ağdam Azərbaycanın həm ərazi baxımından, həm də iqtisadi baxımdan inkişaf etmiş rayonlarından biri olub. Sovetlər dönəmində bu rayonda müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Azərbaycanda ilk dəfə çörək muzeyi də Ağdamda yaradılmışdı, Tarix-diyarşünaslıq muzeyində əsrlərin eksponatları mühafizə edilirdi.
Xatırladaq ki, Ağdam 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Etiraf edək ki, qədim və gözəl Qarabağımızın aran hissəsindən giriş qapısı olan Ağdam şəhərinin və bu rayonun ərazisinin üçdə ikisinin düşmən tərəfindən işğal edilməsi, buranın uzun illər ərzində vəhşicəsinə yağmalanması, vandalcasına dağıdılması dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın heysiyyatına toxunurdu.
Qəlbimizdə bu ədalətsizliyə qarşı sonsuz hiddət, qəzəb və intiqam hissi alovlanırdı. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bəli, üç il əvvəl bu gün doğma Ağdamımız bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan Ordusunun şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı.
Bu gün həmin hadisədən düz 3 il ötür. Bu il iyulun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edilib. Bu xoş xəbər, müjdə xalqımızın ictimai-siyasi həyatında daim milli dövlətçiliyə sədaqəti ilə seçilən, mədəniyyətimizin inkişafına böyük töhfələr verən Ağdamın bütün vətənpərvər sakinləri və ziyalıları tərəfindən sonsuz minnətdarlıq hissilə qarşılanıb.
Əminliklə qeyd etmək lazımdır ki, bu gün Ağdam rayonu və onun yaşayış məntəqələri gözlərimiz önündə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir. Ağdamın strateji əhəmiyyəti, eləcə də acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq məhz buradan başlanması zərurətini yaradırdı. Bu səbəbdən də ilk baş planı təsdiqlənən şəhər Ağdam oldu. Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq. Artıq azad edilmiş elə bir ərazi yoxdur ki, orada bu və ya digər formada abadlıq-quruculuq işləri həyata keçirilməsin.
Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri, YAP fəalı