7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri ölkəmizin bütün suveren ərazilərini əhatə etməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Qədirbilən xalqımız öz vicdan və vətəndaşlıq borcunu yerinə yetirmək üçün böyük sevinc hissi ilə seçki məntəqələrinə axışdı. Qalib Xalqımız Qalib Liderini yenidən öz rəhbəri seçdi. 3 il əvvəl Vətən müharibəsi dövründə dünyaya nümayiş etdirilən milli həmrəylik və birlik 7 fevral tarixində də respublikamızın bütün ərazisində yaradılmış seçki məntəqələrində bir daha təkrarlandı. Seçkilərin bu cür uğurlu alınması Xalq-Lider birliyinin, Xalqın Liderinə sevgisinin və sədaqətinin təsdiqi, həm də gələcəyinə inam və əminlik mesajı idi.
Bu seçkilər həm də dövlət başçımızın 20 illik prezidentliyi dövrünün yekunu, yeni dövrün başlanğıcı üçün xüsusi önəm daşıyırdı. Prezident İlham Əliyev 20 illik siyasi fəaliyyəti dövründə xalqımızı adım-addım böyük Qələbəyə doğru gətirdi. Düşünülmüş iqtisadi siyasət, beynəlxalq qurumlar və aparıcı siyasi aktorlarla qurulmuş praqmatik və səmərəli əlaqələr nəticəsində Azərbaycan dünya siyasət meydanında öz sözünü deyə bilən ölkəyə çevrildi.
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində çıxış edərək xalqı bir daha əmin etdi ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcək. Dövlətimizin başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib. Vurğulayıb ki, “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq.”
Cənab Prezidentin nitqinin gündəliyində duran ən mühüm məsələlərdən biri də milli ideologiya məsələsi idi. Cənab İlham Əliyev ölkəmizdə yaşayan bütün xalqların, bütün etnik qrupların həmrəyliyinə əsaslanan azərbaycançılıq ideallarına sadiqliyini bir daha göstərdi. “Azərbaycanda azərbaycançılıq ideologiyası və prinsipləri çoxdan formalaşıb. Ulu öndər Heydər Əliyevin bizə qoyub getdiyi dəyərli irslərdən biri də azərbaycançılıq ideologiyasıdır. Biz isə onun ardıcılları öz tərəfimizdən bu müsbət tendensiyaları gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar bir, mehriban ailə kimi yaşayırlar. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər çalışsalar da, uğur qazana bilməyiblər və uğur əldə etməyəcəklər, çünki hamımızı bir məqsəd birləşdirir. Hamımız itkilər verdik, qan tökdük. Biz erməni qəsbkarlarına qarşı döyüşə çıxdıq. Bu birlik, bu həmrəylik və bu şanlı Qələbə tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir”, – deyə bəyan edən Azərbaycan Prezidentinin sözləri cəmiyyətimiz tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Artıq dəfələrlə qeyd olunub ki, ölkəmiz, xalqımız, cəmiyyətimiz üçün yeni dövr başlayıb. Yeni dövrün isə, təbii ki, yeni çağırışları və yeni tələbləri olur. Məhz bu barədə öz nitqində ölkə rəhbərimiz çox aydın şəkildə fikirlə səsləndirdi. “Bu yeni dövrdə biz xarici siyasətdə yeni üfüqlər açmalıyıq. Əgər əvvəllər xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün bu məsələ, demək olar ki, gündəmdə deyil. Ona görə də xarici siyasətimizin digər istiqamətləri üstünlük təşkil etməlidir”, – deyə öz nitqində bəyan edən cənab Prezident İlham Əliyev ölkəmizin xarici siyasəti istiqamətində də yol xəritəsini göstərdi. Dövlət başçımızın söylədikləri bizim hər birimiz, hər bir Azərbaycan vətəndaşı üçün olduqca qürurvericidir. Çünki cənab Prezidentin söylədikləri ölkəmizin öz təsir dairəsini regiondan kənarda da genişləndirmək üçün hər cür imkanlara malik olmasını, Azərbaycan dövlətçiliyinin artan potensialını bir daha təsdiq edir.
Göründüyü kimi, cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki tarixi nitqi bir neçə istiqamətdə proqramlarla zəngin idi. Eyni zamanda, ölkə rəhbərimizin nitqi və öz nitqi zamanı qeyd etdikləri bizə nikbin proqnozlar vermək üçün əsaslı zəmin yaradır. “Biz məsələmizi həll etdik. Bu gün Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Hadrutda, Xocalıda, Ağdərdə, Əsgəranda, Xankəndindəyik! Bu yeni dövr yaxşı bir başlanğıcdır. Əminəm ki, bu, uğurla davam edəcək. Bu yolda hamımıza uğurlar arzulayıram, yolumuz açıq olsun!”, deyə bəyan edən Azərbaycan Respublikasının Prezidenti bizim hər bizimizdə ruh yüksəkliyi yaratdı. Hər bir Azərbaycan vətəndaşı dövlət başçısının nitqini dinlədikdən sonra gələcəyə ümidləri, nikbin baxışları daha da artmış oldu. Çünki ölkə vətəndaşı gördü, şahidi oldu və eyni zamanda əmin oldu ki, ən uğurlu gələcəyin yol xəritəsini göstərən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə göz önündə şanlı tariximiz yazılır və bu tarixi birlikdə, eləcə də birliyimizlə yazırıq.
Aqşin Babayev
YAP Salyan rayon təşkilatının sədr müavini