“Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq və qardaşlıq münasibətləri 

Baş səhifə

Bu gün Türkiyə ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin inkişafında dostluq-qardaşlığa söykənir və uğurla davam etdirilir. Əlbəttə ki, dövlətlər arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixi dövrü əhatə edir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. 

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Atılan qəti addımlar, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

Təqdirəlayiq haldır ki, unikal əməkdaşlıq və sıx dostluq-qardaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafında hər iki ölkənin hakim partiyalarının – Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının (AK Parti) xüsusi rolu var. Bu gün hər iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası arasında uzun illərdir davam edən əməkdaşlıq inkişaf edərək yeni mərhələyə qədəm qoyur. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır.

Bilidiyimiz kimi ki, 2021-ci ilin iyun ayının 2-də iki partiya arasında Əməkdaşlıq Protokolu imzalanıb. Bununla da qarşılıqlı münasibətlərin, gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib. Yeni reallıqlar fonunda və sıx əməkdaşlıq çərçivəsində atılan addımlar partiyalar arasında əlaqələrin genişlənməsini, işbirliyinin dərinləşməsini şərtləndirir. Hakim partiyalar olaraq qısa zaman kəsiyində birlikdə önəmli layihələr icra edilib, mühüm tədbirlər reallaşdırılıb.

Qarşılıqlı səfərlərin həyata keçirilməsi, ardıcıl olaraq son iki ildə iyunun 15-də – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalandığı gündə keçirilən tədbirlərə AK Parti nümayəndə heyətinin qatılması, Azərbaycan ilə Türkiyənin milli maraqlarına, həmçinin partiyalararası əməkdaşlığın mövcud vəziyyətinə və perspektivə dair məsələlərdə faydalı fikir və təcrübə mübadiləsinin aparılması ikitərəfli münasibətlərin inkişafına xidmət edir. Qeyd edək ki, 2022-ci ildə baş tutan “Türkiyə yüz ili” proqramının təqdimatına ölkə xaricindən dəvət edilmiş yeganə siyasi təşkilat Yeni Azərbaycan Partiyası olmuşdur. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 2023-cü ilin oktyabrın 7-də Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın Sədrliyi və “Türkiyə yüz ili üçün hər zaman yeni, hər zaman irəli” şüarı ilə keçirilən, 27 ölkənin siyasi partiyalarının nümayəndələrinin, bir sıra dövlət və hökumət rəhbərlərinin, diplomatların, vətəndaş cəmiyyəti təmsilçilərinin qatıldığı AK Partinin IV Fövqəladə Böyük Qurultayında da iştirak etmişdir. Bütün bunlar Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olmaqla yanaşı, YAP-AK Parti əlaqələrinin yüksək səviyyədə olduğunu təsdiqləyən mühüm faktlardır.

Əminliklə söyləmək olar ki, həm Azərbaycan ilə Türkiyə, həm də iki dövlətin iqtidar partiyaları arasında münasibətlər heç vaxt bu cür güclü və yüksək səviyyədə olmamışdır. Keyfiyyətcə yeni mərhələyə qədəm qoyan partiyalararası əlaqələr intensiv xarakter daşıyır və olduqca səmərəlidir. Bu, bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin güclənməsinə öz töhfəsini verir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir”. İki dost, qardaş və strateji müttəfiq ölkənin hakim partiyaları da bu prosesə layiqli töhfə vermək əzmindədirlər.

Tural Məlikov,

YAP Salyan rayon təşkilatının əməkdaşı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir