Azərbaycan-Slovakiya münasibətləri yeni mərhələdə

Baş səhifə

Azərbaycanın xarici dövlətlərlə əməkdaşlığı, qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi və genişləndirilməsi bütün sahələrdə inkişafa zəmin yaradır. Beynəlxalq aləmdə yüksək nüfuza, iqtisadi yüksəlişə, ictimai-siyasi sabitliyə, vətəndaş həmrəyliyinə və birliyinə malik olan dövlətimiz özünə daim yeni dostlar, tərəfdaşlar axtarışındadır. Ölkəmizin müxtəlif dövlətlərlə qurduğu münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. Dünya düzənində xüsusilə Slovakiya kimi ölkələrlə münasibətlərin yeni mərhələyə yüksəlməsi məhz sözügedən prosesin məntiqi davamıdır. Azərbaycan-Slovakiya münasibətlərinin strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərarların, sənədlərin qəbul edilməsi perspektivdə daha uğurlu əməkdaşlığa imkan yaradır.

Qeyd edək ki, Azərbaycan-Slovakiya münasibətləri məhz hər iki ölkənin müstəqillik əldə etməsindən sonra qurulub. 31 dekabr 1992-ci ildə Çexiya və Slovakiya respublikaları bir-birindən ayrılıb və 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə yaradılıb. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər edib və 1 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edib. Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərindən etibarən münasibətlərin daim inkişaf etdirilməsi diqqətdə saxlanılıb. Xüsusilə münasibətlərin genişlənməsində ölkə başçımızın Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirilib. Məhz bu əlaqələr dövlətlərarası münasibətlərin inkişafında müsbət təsir göstərib. Digər tərəfdən, iki ölkənin parlamentləri arasındakı dialoqun möhkəmlənməsi məqsədilə iki ölkə arasında münasibətlər yüksək səviyyəyə qalxıb, parlamentlərarası əlaqələr inkişaf etdirilib.

Mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri və səfər zamanı çox mühüm sənədlərin imzalanması əməkdaşlığa verilən böyük önəmin göstəricisidir və hər iki dövlətin milli maraqlarına uyğundur. Prezident İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini qiymətləndirərək bildirib ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər zamanı ölkələr arasında tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə bu uğurun başlanğıcıdır və gələcəkdə özünün daha yaxşı nəticələrini göstərəcək. Bunu müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər bir daha təsdiq edir. Dünyada yaranmış geosiyasi vəziyyət və Azərbaycan torpaqlarının uzun illər təcavüzə məruz qalması, ərazilərimizin hərbi yolla geri qaytarılması müdafiə qüdrətimizin gücləndirilməsini başlıca vəzifə kimi qarşıya qoyur və Slovakiya ilə bu sahədə əməkdaşlığa önəm verilməsi çox əhəmiyyətlidir.

Ölkəmizin etibarlı tərəfdaş olması ilə yanaşı, təhlükəsiz enerji ixracatçısı, qlobal əhəmiyyətli layihələrin təşkilatçısı və iştirakçısı kimi nüfuzu daha da artır. Avropanın etibarlı enerji təminatçısı olan Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirmək demək olar ki, bütün ölkələrin gündəliyində yer alır. Eynilə strateji tərəfdaş olan Slovakiyanın da enerji təminatı ilə bağlı narahatlığı ölkəmiz tərəfindən aradan qaldırıla bilər. Mətbuata bəyanatında çıxışı zamanı ölkə başçımız bir çox sahəyə toxunduğu kimi, bu məsələyə də aydınlıq gətirib: “Təbii ki, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır”. Məlumdur ki, Avropaya enerji təchizatı 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Qeyd edək ki, bu, Azərbaycanın ümumi qaz ixracının yalnız 50 faizini təşkil edir. Perspektivdə isə ölkəmizin hədəfləri arasında 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi dayanır.

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bütün sadalananlar onu deməyə əsas verir ki, Slovakiya Baş nazirinin ölkəmizə səfəri və imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafı üçün böyük perspektivlər açır.

Allahverdi Piriyev,

Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim, YAP fəalı 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir