Şuşa bizim əyilməz ruhumuzun rəmzidir

Baş səhifə

Uzun illər el-oba həsrətilə yaşayan keçmiş məcburi qaçqınlar indi doğma evlərinə qayıdırlar. Bütün bu uğurlar Prezident İlham Əliyevin qətiyyətinin, əzmkarlığının və uzaqgörənliyinin, ən əsası lider-xalq birliyinin nəticəsidir. Məhz bu birlik Azərbaycana üç onilliyin əsas problemini parlaq şəkildə həll etməyə – öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsini təmin etməyə imkan verdi. 

Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında işğaldan azad edilmiş ərazilərimizdə tikilmiş hər cür infrastruktura malik yaşayayış kompleksləri doğma yurdlarından didərgin salınmış soydaşlarımızın ixtiyarına verilib. Bugünlərdə şuşalıların da 32 illik həsrətinə son qoyuldu. Bir neçə gün əvvəl Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

Şuşaya ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. Dövlətimizin başçısı Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı bildirdi ki, “biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.”

Qeyd edək bu gün Şuşada genişmiqyaslı quruculuq işləri aparılır. Ümummilli Lider Heydər Əliyevin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulması da bunun bariz nümunəsidir. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda Şuşanın ənənəvi üslubunda inşa edilir. Bununla yanaşı, Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Şuşanın tarixi abidələrinin bərpasına müharibədən dərhal sonra başlanılıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi özünə qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işlərinə başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu, ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Göründüyü kimi, Şuşanın dirçəldilməsi geniş vüsət alıb.

Bir sözlə, bu gün Azərbaycan xalqı xoşbəxtdir, çünki ən böyük problemini- ərazi bütövlüyünü tam bərpa edib, mədəniyyət beşiyimiz olan Şuşanı düşmən əsirliyindən xilas edib. Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə əmin idi ki, bir gün əziz Şuşamıza qayıdacağıq və indi biz bu xoşbəxtliyi yaşayırıq. Uzun illər işğal həyatı yaşayan Şuşa özgələşmədi, unikallığını, bizə  məxsus olduğunu qoynunda-abidələrində, evlərində gizlədib saxladı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilmədilər, çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Dövlət başçımızın hamını əmin etdiyi kimi, biz əbədi yaşamaq üçün Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Aysel Hüseynova, Salyan şəhəri, gənc YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir