Möhkəm təməl üzərində qurulan dostluq

Baş səhifə

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı. Səfər çərçivəsində iki dost prezidentin – İlham Əliyevlə Aleksandr Lukaşenkonun səmimi söhbətləri, mətbuata verdikləri bəyanatlar, “Bakı Ekspo Mərkəzi”ndə XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərində olmaları, imzalanan yeni 8 sənəd, Qarabağa səfər, Füzuli və Şuşa şəhərlərinin baş planları ilə tanışlıq ölkələrimiz arasındakı əlaqələrin getdikcə daha dinamik inkişafına təkan verən mühüm məqamlar oldu.

Ümumiyyətlə, Azərbaycan və Belarus arasında diplomatik əlaqələrdən başlayaraq, dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni sahələrdə çox yüksəksəviyyəli əməkdaşlıq var. İki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol 11 iyun 1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında Azərbaycanın Belarusda səfirlikləri açılıb. Bu il uğurlu diplomatik münasibətlərinin 31 ili tamam olan Belarus-Azərbaycan əlaqələri artıq yeni inkişaf mərhələsindədir. Son illərdə fəal qarşılıqlı əlaqələr iki ölkəni bir-birinə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm də dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.

Əlbəttə ki, münasibətlərin bu səviyyəyə yüksəlməsinin başlıca amili ölkələrin liderləri – İlham Əliyevlə Aleksandr Lukaşenko arasında mövcud olan dostluq əlaqələri, səmimiyyət və qarşılıqlı hörmətdir. Bu səmimi dostluq əlaqələri ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafına təkan verir. Bu səfərlər, iki ölkə arasında imzalanan mühüm tərəfdaşlıq sənədləri münasibətlərin daha da dərinləşməsini şərtləndirir. Bu günə kimi Belarus və Azərbaycan arasında siyasi, iqtisadi, vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb. Bu səfər zamanı isə bu sazişlər sırasına daha 8 mühüm sənəd əlavə olundu.

Mətbuata birgə bəyanatlarla çıxış edən dövlət başçıları mövcud siyasi-iqtisadi əlaqələrin bundan sonra daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atılacağını söylədilər. Mətbuata bəyanatında Prezident İlham Əliyev mövcud münasibətlərdən, yüksələn hərtərəfli əlaqələrdən danışaraq bir xatırlatma da etdi. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə çağırdı.

Aleksandr Lukaşenko isə dost ölkəyə dəstək verməyə hazır olduqlarını bəyan edərək dedi ki, Belarus bütün dövrlərdə əsl dost kimi Azərbaycanın yanında olub. İndi isə ermənilərin viran qoyduqları torpaqların dirçəldilməsi, Böyük qayıdışın reallaşması üçün dost ölkəyə hərtərəfli yardıma hazırdır: “Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib… Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var”.

Bu səfər zamanı maraqlı məqamlardan biri də dost ölkənin Qarabağda yaşayış məntəqəsi salmağı planlaşdırması barədə xəbər oldu. Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada jurnalistlərə açıqlamasında dedi ki, yaşayış məntəqəsi Ağdam rayonunda salınacaq. Bura 420 ailə üçün nəzərdə tutulub. Onun arxitekturasında Belarus koloritindən istifadə ediləcək.

İşğal zamanı Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən Belarus  quruculuq dövründə də Azərbaycana öz sayğısını nümayiş etdirir. Bu, dost qayğısının təzahürüdür, bu, iki ölkə arasında möhkəm bağların, gündən-günə güclənən əməkdaşlığın bariz təcəssümüdür. Göründüyü kimi, Azərbaycanla Belarusun mehriban dostluq münasibətləri hər keçən il daha da möhkəmlənir. Prezident İlham Əliyevlə Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətləri də ölkələrimizin və xalqlarımızın dostluğunun inkişafına böyük töhfə verir.

Ağabacı Quliyeva,

Salyan rayon Şorsulu kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir