Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

Baş səhifə

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindən biridir. Çünki bu tarix Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Müsəlman Şərqinə Cümhuriyyət məfkurəsini, idarə-üsulunu Azərbaycan xalqı gətirdi. İstiqlala gətirən yol maarifçilik, milli özünüdərk, milli şüurun formalaşması kimi böyük bir prosesdən keçdi. 

Qeyd olunmalıdır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı. Azərbaycan ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdi. Lakin əsrin əvvəlində olduğu kimi, bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşmiş, ölkəmizin müstəqil dövlət olmasını istəməyənlər “erməni məsələsi”ndən yetərincə istifadə etmişlər.

Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı isə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “1993-cü il, əslində, real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı… Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir… 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır”. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurla davam etdirilməsi artıq Azərbaycanı regionun iqtisadi-siyasi, hərbi baxımdan ən güclü dövlətinə çevirmişdir. Elə bu gücün nəticəsidir ki, Azərbaycan 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində mənfur erməni ordusunu tamamilə darmadağın edərək illərdir, işğalda saxlanılan torpaqlarını azad etdi. Əgər Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa edərək bu müstəqilliyin tamlığını təmin etdi.

“Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də, belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”, –  deyən  görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin bu qənaəti qalib və qüdrətli dövlət olan Azərbaycanın əbədi müstəqilliyinin qorunmasında hər birimizin məsuliyyətini daha da artırmaqla bu vəzifə vətəndaşlıq borcuna çevrilib.

Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq.

Sitarə Təhməzova,

Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru,

YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir