Beynəlxalq enerji sektorunda əməkdaşlıq coğrafiyası genişlənir

Baş səhifə

Keçirilməsi ənənəyə çevrilmiş Bakı Enerji Həftəsi hər dəfə bir çox uğurları ilə yadda qalır. Bu tədbirin özəyini təşkil edən, sayca 29-cu olan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və son illər onunla yanaşı keçirilən 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi bu dəfə Azərbaycanın enerji sektorunda bərpaolunan enerji mənbələrinin payının artırılması yönümündə görülən işlərə diqqət çəkdi, qarşıdakı proqram və planlarla çıxış etdi.

Bütün bunlar müasir çağırışların respublikamızda sürətlə reallaşdığını göstərir və qlobal enerji bazarında mövqelərimizi möhkəmləndirir. Hər il bu tədbirin baş tutması, əhatə dairəsinin getdikcə genişlənməsi, iştirakçıların sayının artması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft, qaz, enerji təhlükəsizliyi strategiyamızın təntənəsi deməkdir. Bu təntənənin daha bir davamı “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır (COP29).

Qeyd edək ki, ölkə başçısının müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. “Yaşıl iqtisadiyyat”a keçid və “yaşıl enerji” təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və ölkə başçısı tərəfindən imzalanmış sənəd bu istiqamətdə təşəbbüsləri stimullaşdırmaq məqsədi daşıyır. Bu mənada, “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın COP hərəkatına dəstəyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqları “yaşıl enerji zonası” elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, həmin ərazilərin 2050-ci ilədək “netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bakı Enerji Həftəsi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində mühüm rola malik olub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, tədbir enerji siyasətinin bütün seqmentlərini – neft, qaz, emal, ixrac və əlbəttə, “yaşıl enerji” siyasətini əhatə edir. 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsinin gündəliyinin də olduqca zəngin olması və aktual məsələləri özündə ehtiva etməsi diqqətəlayiqdir.

Builki tədbir həm təsis edilməsinin 30 illiyi, həm də COP29-a ev sahibliyimiz baxımından rəmzi məna daşıyır. Bakı Enerji Həftəsi çərçivəsində ötən gün öz işinə başlayan Bakı Enerji Forumunun “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiyası COP-a hazırlıq kimi də qiymətləndirilə bilər. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və qlobal müstəvidə beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq və layihələr həyata keçirməsi, yeni dünya nizamında bölgənin nüfuzunu daha da gücləndirir.

Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən dövlət başçısı tədbirin əhəmiyyətinə toxunaraq, Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığını bildirib, Azərbaycanın qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut etdiyini diqqətə çatdırıb. Cənab İlham Əliyev ölkəmizin “yaşıl enerji” gündəliyinin davamı kimi, COP29-dan və COP28-ə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana dəstəyindən də söz açıb. Bildirib ki, COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə və davamlı enerji həllərinin təşviqi istiqamətində BƏƏ ilə əməkdaşlıq qlobal enerji bazarında daha dayanıqlı mövqe tutmaq üçün vacib addımdır.

COP29-un Azərbaycanda keçirilməsinə böyük dəstək verənlərdən biri də heç şübhəsiz ki, BƏƏ-dir. Ölkəmizdən əvvəl Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasına ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliyi müasir dövrdə dünyanı dərindən narahat edən ekoloji problemlərin həllində öncül dövlətə çevrilib. Məhz bu baxımdan, cənab İlham Əliyev vurğulayıb ki, BƏƏ-nin Azərbaycana ötürdüyü miras olduqca dəyərlidir. Həm COP29 çərçivəsində, həm də enerji sahəsində dost ölkə ilə qurulan əməkdaşlıq ölkəmizin potensialını əhəmiyyətli dərəcədə artırır. Məhz Bakı Enerji Həftəsi çərçivəsində ölkə başçımız Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin stendi ilə tanışlıq zamanı bildirdi ki, “Masdar” ölkənin təmiz enerji çempionu və qlobal davamlılıq problemlərini həll etmək üçün bərpaolunan enerji və yaşıl hidrogen texnologiyalarının inkişafını və tətbiqini genişləndirərək dünyada öz sahəsinin ən böyük şirkətlərindən biridir. 2006-cı ildə yaradılan “Masdar” bu gün 40-dan çox ölkədə fəaliyyət göstərir və onlara təmiz enerji məqsədlərinə nail olmaqda və davamlı inkişaf etməkdə kömək edir. Şirkət Azərbaycanda ümumi gücü 10 qiqavatadək olan bərpaolunan enerji mənbələri layihələri üzrə müqavilələr imzalayıb. Hazırda gücü 230 meqavat olan Qaradağ Günəş Elektrik Stansiyasının inşası layihəsini icra edir. “Masdar” ən azı 100 qiqavatlıq bərpaolunan enerji portfelini hədəfləyir. Dövlət başçısı da çıxışında bildirib ki, hazırda iki layihə üzərində işlənilir ki, onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq: “Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır”.

Digər tərəfdən, tədbirin açılış günündə BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə yadda qalıb. İndiyə qədər şirkət 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasını istifadəyə verib. Bu gün isə daha 1 qiqavat enerji həcmi əlavə edilir. Biləsuvar və Neftçala rayonlarında Günəş elektrik stansiyaları, Abşeron-Qaradağ külək layihəsi ilə birlikdə Azərbaycanın artmaqda olan enerji ehtiyaclarının təmin edilməsi məqsədilə 1 qiqavat təmiz enerji hasil edəcəyi nəzərdə tutulur. Enerji sahəsində BƏƏ ilə birlikdə etibarlı əməkdaşlıq ölkəmizin bu sahədə mövqeyini xeyli möhkəmləndirir.

Ümumiyyətlə, Bakı Enerji Həftəsinin timsalında ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqli və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Baş tutan tədbirlər, konfranslar isə özlüyündə enerji sahəsində yeni əməkdaşlığın qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə təkan verəcəkdir. Enerji sektorunda əməkdaşlıq etdiyimiz aparıcı şirkətlər sözümüzün imzamız qədər möhkəm olduğuna inanırlar. Çünki Azərbaycan imzasını atdığı bütün razılaşmaların icrasında məsuliyyətli və sadiqdir. Bu baxımdan Bakı Enerji Həftəsinin siyasi əhəmiyyəti də çox böyükdür. Sözügedən tədbir ölkəmizin siyasi mövqelərini gücləndirir və dostlarımızın sayını artırır.

Sübhan Xəlilov,

Salyan şəhər 6 saylı tam orta məktəbin direktor əvəzi, gənc YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir