Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti

Baş səhifə

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qazandığı böyük uğurlardan biri də Avropanın enerji təminatında mühüm rol oynamasıdır. Ölkəmizin gələcək uğurlarının zəmanəti olan qlobal enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişib. Açıq dənizlərə çıxışa malik olmasa da, ölkəmiz artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini yaradıb. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə yeni rekordlara imza atıb. Əlbəttə ki, bütün bunlar dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən, tam müstəqil siyasət yürüdərək sözünün sahibi, etibarlı tərəfdaş olduğunu isbatlayan Prezident cənab İlham Əliyevin qlobal təşəbbüsləri sayəsində reallaşıb. 

Cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi və bu çərçivədə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı, Prezident cənab İlham Əliyevin ölkəmizin mövcud enerji layihələri, potensialı və gələcək planları barədə verdiyi məlumatlarla dünya bir daha Azərbaycanın enerji imkanları, bu sahədə nəyə qadir olduğuna şahidlik etdi. Hər dəfə olduğu kimi, budəfəki Bakı Enerji Həftəsi də çox mühüm hadisələrlə tarixə yazıldı. Məhz “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümündə Neftçala, Biləsuvar Günəş-Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlləri qoyuldu. Yəni Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin 30-cu ilində, vaxtilə Şahdəniz layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı oldu.

Prezident İlham Əliyevin tədbirin açılış mərasimində iştirakı və çıxışı qlobal enerji ailəsinə hörmətin nümunəsi kimi səciyyələndirilir, tədbirin statusunu daha da yüksəldir: “Bu mühüm platformanın müəllifi Azərbaycandır. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Bakı Enerji Həftəsinin builki özəlliyi və tədbirə yeni məzmun gətirən başlıca istiqaməti isə bu dəfə platformada “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz “yaşıl enerji” sektorunun təmsilçiləridir. Onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərirlər.”

Azərbaycanın enerji potensialını və ümumilikdə ölkəmizin iqtisadi imkanlarını dünyaya təqdim edən dövlətimizin başçısı cənab İlham Əliyev sözügedən çıxışında bunları bir daha qeyd etdi: “İxracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir”.

Bir sözlə, Bakı Enerji Həftəsi çərçivəsində reallaşan tədbirlər, yeni təməlqoymalar xüsusi əhəmiyyət kəsb edir. Özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsinin bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirməsi və bununla da diqqətin Azərbaycanın üzərinə cəmləşdirilməsi, xüsusən də tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirakı çox mühüm tarixi hadisədir. Belə mühüm platformalara beynəlxalq marağın ildən-ilə artması həm də Azərbaycanın dünya miqyasında yüksələn nüfuzunun göstəricisidir. Ölkəmizin qlobal aləmlə əlaqələrinin və əməkdaşlıq coğrafiyasının genişlənməsi sevindirici haldır. Bu coğrafiya ABŞ, Avropa İttifaqı, Türkiyə, ərəb-islam dünyası və digər əraziləri əhatə edir. Nüfuzlu dövlətlərin rəhbərlərinin bu beynəlxalq tədbirlə əlaqədar təbrik məktubları da Bakı Enerji Həftəsinə dünya səviyyəsində verilən önəmin göstəricisidir.

Günay Xankişiyeva,

Salyan rayon Yenikənd kəndi,

YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir