Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır

Baş səhifə

Artıq uzun müddətdir ki, türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bu da təbiidir. Belə ki, qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi artıq zərurətə çevrilib. Xüsusilə, son illərdə regionda və dünyada cərəyan edən siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyi aktual məsələ kimi gündəmə gətirilir. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı olduqca vacib və zəruridir.

Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Azərbaycan isə türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarıdır.

Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin diplomatik fəaliyyətində ümumtürk dünyasının həmrəyliyi, türk dövlətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi həmişə əsas strateji xətt təşkil etmişdir. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirən siyasətinin əsas istiqamətlərindən birini də türk dünyasının birləşməsi və güclənməsi təşkil edir. Məqsədyönlü, düşünülmüş, müdrik siyasət yürüdən ölkə başçımız regional əməkdaşlığın vacibliyini, türkdilli dövlətlər arasında işgüzar əməkdaşlığın fəallaşdırılmasını, mədəni əlaqələrin genişləndirilməsini və bütün bunları özündə birləşdirən irimiqyaslı, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsinin zəruriliyini önə çəkir.

Ölkə Prezidenti cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxışında bir daha Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini önə çəkdi. Bu gün bütün dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi dövlət başçımızın səsləndirdiyi fikirlərin həyati əhəmiyyətini bir daha təsdiq edir. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında cənab Prezident bildirmişdi ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Bu fikir birmənalı olaraq ölkəmizin xarici siyasətində əsas prioritet istiqamətin hansı olduğunu açıq şəkildə büruzə verir.

TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir vacib təzahürüdür. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycan da üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Öz çıxışında cənab Prezident İlham Əliyev Təşkilatın ildə bir dəfə Zirvə görüşünün keçirilməsini qənaətbəxş hesab etmədiyini bildirdi. Buna görə də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu ali toplantının əsas mövzuları isə nəqliyyat və iqlimlə bağlı olacaq. Nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir.

Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna kəsb edəcək. Dövlət başçısının çıxışında dediyi kimi, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Ötən dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdamda və Füzulidə olmuşlar. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir İncəsənət Mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Daha bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Bütün bunlar, azad edilmiş torpaqlarda Türk dünyasının birliyinin əyani təzahürləridir.

Sahib Həsənov,

Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir