Azərbaycan–Pakistan münasibətləri və ikitərəfli strateji tərəfdaşlıq yüksələn xətlə inkişaf edir

Baş səhifə

Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra tərəfdaşlıq münasibətləri qurduğu dost ölkələrdən biri də müsəlman dünyasının nüfuzlu dövlətlərindən olan Pakistan İslam Respublikasıdır. Azərbaycan və Pakistan münasibətlərini səmimiyyət və hörmət, qarşılıqlı əməkdaşlıq üzərində quran və daim möhkəmləndirən dost və qardaş dövlətdir. Hər iki ölkə bir-birinə ta qədimdən yaxın dostluq əlaqələri ilə bağlıdır. Bu gün tərəflər bütün sahələrdə – siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni müstəvidə əlaqələr davamlı olaraq gücləndirilməkdədir. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir.

Pakistan İslam aləmində inteqrasiya və dostluq münasibətlərinə xüsusi önəm verən ölkələrin önündə gedir.  Azərbaycan–Pakistan münasibətləri və ikitərəfli strateji tərəfdaşlıq bu gündə yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrimiz qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərimizin inkişafına böyük əhəmiyyət verir. Pakistan Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bir çox məsələlərdə Azərbaycanı dəstəkləyib və dünyada Qarabağ məsələsinə görə Ermənistanı tanımayan yeganə ölkədir. Pakistan Azərbaycanla həmrəy olaraq, 1990-cı illərin əvvəllərində ölkəmizin ərazisinin beşdə birini işğal etmiş Ermənistanla heç bir münasibət qurmamışdır. Xocalı soyqırımını pisləyən İslamabad administrasiyası Ermənistanı bir dövlət kimi tanımamaqla yanaşı, hər fürsətdə İrəvanı sərt şəkildə tənqid etməyə çalışır. 30 illik erməni işğalı ərzində Pakistan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edib.

Pakistanın ölkəmizə qardaş münasibəti 44 günlük müharibədə də inandırıcı şəkildə özünü göstərdi. İslamabadın Bakıya mənəvi və siyasi dəstəyi Azərbaycanın dünya miqyasında ədalətli mövqeyinin müdafiəsi kontekstində böyük əhəmiyyət kəsb edirdi.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu siyasətu uğurla davam etdirən Prezident cənab İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.

Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində Pakistana dövlət səfəri bu baxımdan olduqca əhəmiyyətlidir və bir çox parametrlər baxımından xüsusi diqqət cəlb etməkdədir. Dövlət başçısının İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında dövlətlərimiz arasında münasibətlərin tarixi köklərini xatırlatmaqla, gələcək inkişafın konturlarını müəyyən etdi. Ölkə başçısı bildirdi ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Qarşılıqlı dəstəkdən söz açan ölkə rəhbəri qeyd etdi ki, Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir.

Bir sözlə, Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımından müstəsna rol oynadı. Səfərin mahiyyəti və imzalanan sənədlər nüvə dövləti olaraq qlobal arenada xüsusi çəkisi olan Pakistan kimi ölkə ilə Azərbaycanın strateji müttəfiqliyini daha yüksək səviyyəyə qaldırdı. Buna görə də, şübhə yoxdur ki, Prezident İlham Əliyevin Pakistana budəfəki səfəri uzunmüddətli perspektivdə əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə töhfə verəcək, həm ikitərəfli əsasda, həm də yeni əməkdaşlıq formatı çərçivəsində ölkələrimiz arasında münasibətlərə yeni məzmun və keyfiyyət gətirəcək.

Məhərrəm Piriyev,

YAP Salyan rayon təşkilatının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir