Azərbaycan mətbuatı yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə mütərəqqi ictimai ideaların carçısı kimi çıxış edib. Zəngin tarixi ənənələrə malik olan xalqımızın azadlıq istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasında mətbuatımız həmişə önəmli rol oynayıb.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında da xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi. Mətbuat və söz azadlığının təmin edilməsi mümkün oldu, milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Ulu öndər Heydər Əliyevin başlatdığı dövlət quruculuğu, demokratik islahatlar nəticəsində cəmiyyətimizin “güzgüsü” olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə biləcək medianın əsasları yarandı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər müstəqil mətbuatın inkişafında yeni dönəmin başlanğıcını qoydu.
Demokratik, hüquqi dövlət quruculuğunda azad mətbuatın rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ilə ölkəmizdə mətbuat üzərində senzura ləğv edildi. Bu mühüm addım KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi istiqamətində mühüm addım oldu. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı.
2000-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. KİV-in madddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan davamlı addımlar uğurlu nəticələri şərtləndirdi. Güzəştlər tətbiq edildi. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması və sonradan bu borcların ləğv edilməsi mətbuatın iqtisadi müstəqilliyinin təmin edilməsinə, malliyə bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərdi.
Ulu Öndər Heydər Əliyevin mətbuat nümayəndələri ilə görüşlərinin ənənəsinin yaradılması bu sahədə mövcud problemlərin həllində öz sözünü dedi. Belə ki, Ümummilli Lider həmin görüşlərdə media nümayəndələrini narahat edən məsələləri onların özündən eşidir, həlli istiqamətində mühüm tapşırıqlarını verir, qərarlar qəbul edirdi. Ulu Öndərin hər addımı özündə Onun jurnalistlərin dostu olduğunu aydın şəkildə nümayiş etdirirdi. Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində “Jurnalistlərin dostu” seçilməsi demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi oldu.
2003-cü ildən başlanan Böyük Yolun davamı fonunda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident Sərəncamları, media nümayəndələrinin mənzillə təmin edilməsi önəmli hadisələr sırasındadır. Cənab İlham Əliyevin 20 ilə yaxın Prezidentliyi dövründə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi bu sahədə gördüyü işlərin, biri-birindən önəmli addımların, qəbul etdiyi qərarların və irəli sürdüyü təşəbbüslərin ümumiləşdirilmiş ifadəsidir.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2021-ci il «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında» 12 yanvar tarixli Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açır. 2022-ci ilin fevral ayının 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə imzaladığı Fərman isə jurnalistlərin qarşısında mühüm vəzifələr qoyur.
Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün hər bir mətbuat işçisi jurnalist peşəsinin çox ağır zəhmət tələb edən, çətin, lakin şərəfli bir iş olduğunu anlayır. Onu da bilirlər ki, özlərini buna həsr edən insanlar gərək birinci növbədə istedadları olduğunu dərk etsinlər. Mədəniyyətimizin müxtəlif sahələrində uğur qazanan insanlar kimi, jurnalistlər də istedadlı olmalıdırlar. Çünki, bu da bizim mədəniyyətimizin bir hissəsidir.
Xanım Qədirova,
YAP Salyan rayon təşkilatının fəalı