Azərbaycanın hər bir uğuru reallıqlarının güzgüsü olan mətbuatı daha da təkmilləşməyə, yeniləşməyə çağırır

Baş səhifə

Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün – 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. 

Qeyd edək ki, Azərbaycan milli mətbuatının yaranışı maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy Zərdabi onun həm naşiri, həm redaktoru, həm də korrektoru idi. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalılarımızın böyük xidmətləri olub.

Azərbaycanda qəzetçilik ənənəsinin əsasını qoyan “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də o, milli mətbuatımızın təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynadı. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında populyarlıq qazanmışdı. Qəzet insanların maariflənməsinə, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasına vəsilə oldu. Həmçinin o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ etməklə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirməkdə davam edib.

Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdı. 1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.

Cəmiyyətin güzgüsü adlandırılan mətbuat dinamik inkişaf edən sahələrdən biri kimi daim yenilənməyə açıqdır. Sosial şəbəkələrin meydana çıxması, media məkanında sürətli qloballaşma prosesi və milli mətbuatımızın inkişafı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirmişdi. Bu baxımdan media haqqında yeni qanun layihəsinin hazırlanması zamanın tələbi kimi qarşıda dururdu. 2021-ci ildə Azərbaycanda “Media haqqında” Qanun qəbul edildi. 9 fəsil, 78 maddədən ibarət olan sənəd ölkədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Milli mətbuatımızın yubileylərinin geniş qeyd olunması, KİV-ə müntəzəm yardımlar göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər bu mühüm sahəyə qayğının tərkib hissəsidir.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək möhtəşəm Zəfərimizin müjdəçisi oldu. 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır. Onlar cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlarda iştirak ediblər. Məhz mətbuat nümayəndələrinin peşəkarlığı, fədakarlığı sayəsində Azərbaycanın apardığı ədalətli müharibə, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri haqqında dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırıldı.

Göründüyü kimi, bütün hallarda Azərbaycanın inkişaf səviyyəsini göstərən azad mətbuatın inkişafı prioritetdir. Tarixi Zəfərimizin reallıqları fonunda mətbuatın qarşısında dayanan vəzifələr yeniləşməklə yanaşı, hədəflər, arzular da dəyişib. Dörd il bundan öncə Milli Mətbuat Günündə media nümayəndələrinə əsas arzularımız sırasında qələbə müjdəçiləri olmaları xüsusi yer tuturdu. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şanlı Qələbəmizlə bu arzular artıq reallığa çevrildi. Artıq dörd ilə yaxındır yazılı və elektron KİV-lərdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işləri və eyni zamanda, cənab İlham Əliyevin 2022-ci il doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə tarixi ədalətə söykənərək səsləndirdiyi “Biz Qərbi Azərbaycana qayıdacağıq” çağırışına uyğun olaraq görülən işlər geniş işıqlandırılır.

Bütün bu deyilənləri nəzərə almaqla dəyərli və fədakar media nümayəndələrinə zamanın tələblərinə uyğun olaraq dəyişən arzu və istəklərimizin əsasında növbəti ildə “Qərbi Azərbaycana qayıtdıq” müjdəsini xalqımıza çatdırmağı diləyirəm. Hər bir hədəf, arzu inkişafın davamlılığının təmin edilməsində əsas faktordur. Azərbaycanın hər bir uğuru reallıqlarının güzgüsü olan mətbuatı daha da təkmilləşməyə, yeniləşməyə çağırır.

Tural Tarverdiyev,

Salyan rayon Kürqaraqaşlı kənd inzibati

ərazi dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir