Bildiyimiz kimi, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Əllidən artıq ölkəni təmsil edən nümayəndələrin qatıldığı Forumda Prezident İlham Əliyev də iştirak edib və sualları cavablandırıb. Dövlət başçısı Forumdakı çıxışında Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayan yeni neft strategiyasından bəhs etdi. Bildirdi ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən tarixi qərar qəbul edildi. “Əsrin müqaviləsi” imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu, bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi. Bu mühüm məqam da diqqətə çatdırıldı ki, 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər öz əlləri ilə Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu. Yəni, bütün bunlar o vaxt da, bu gün də bizim gördüyümüz işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir.
Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji sektoruna investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə böyük potensiala malikdir. “Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, ən böyük Günəş Elektrik Stansiyasını – 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışı olacaq. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda üç Günəş və külək elektrik stansiyasının təməli qoyuldu. Ümumi həcm bir qiqavatdır. Böyük potensialımız var. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı göstərir ki, 27 qiqavat həcm istehsal edə bilərik. Həcm böyükdür.
Bunları qeyd etməklə möhkəm təməlin uğurların davamlılığında əsas faktor olduğu təsdiqlənir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər iqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu xüsusi qeyd edərək dünya təcrübəsinə əsasən belə bir çağırışı da səsləndirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurların ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir.
Azərbaycan regional inkişafın aparıcı qüvvəsi kimi dünyanın enerji təhlükəsizliyinin təminatında da fəal rol oynayır. Bu fikir böyük inamla qeyd edilir ki, hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə sahibdir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, onların da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana artan maraq uğurlarımızın xronologiyasında özünün aydın ifadəsini tapır. Ölkəmizdə sabitliyin, əlverişli biznes mühitinin yaradılması nəticəsində Azərbaycan yeni tərəfdaşlar, dostlar qazanır. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz mühüm hadisələrdən biri Qarabağın tacı Şuşanın da Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirərək yeni əməkdaşlıq formatlarının yaradılmasına şahidlik edir. Hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sektorunda əməkdaşlıqla bağlı imzalanan sənədlərə azad Şuşamız da şahidlik edir. Bütün bunlar “Əsrin müqaviləsi”nin ölkəmizə bəxş etdiyi uğurlardır.
Tural Məlikov,
YAP Salyan rayon təşkilatının əməkdaşı