Bildiyimiz kimi, avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Dil məsələsində ulu öndər Heydər Əliyevin mövqeyi həmişə aydın və qəti olub: “Öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”.
Azərbaycan dilini yaxşı bilən, bu dilin zəngin lüğət tərkibinə dərindən bələd olan və qrammmatik imkanlarından istedadla istifadə etməyi bacaran ulu öndər 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş yubiley toplantısında ana dilində parlaq nitq söyləmişdi. Bu hadisə o zaman respublikanın hər yerində böyük əks-səda yaratmışdı. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonunda Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən isə, xalqın, millətin zənginliyini nümayiş etdirir. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.
Ümummilli lider Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayındakı çıxışında da dil və nitq mədəniyyəti məsələlərinə geniş yer vermişdi. Heydər Əliyev göstərir ki, hər bir azərbaycanlı birinci növbədə ana dilini bilməlidir. Ulu öndər deyirdi: ”Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etməliyik”. Ümummilli Lider Heydər Əliyev dilimizin saflığını, zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafını təmin etməyə səfərbər edirdi.
Dahi rəhbərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsü idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qoruyub. 1978-ci il Konstitusiyası, həqiqətən, Ulu Öndər Heydər Əliyevin öz dövləti, vətəni və xalqı qarşısında göstərdiyi böyük xidmət idi.
Dövlət dilinin adı ilə bağlı müzakirələrdə Ulu Öndər bu məsələyə xalqın, ölkənin gələcəyi üçün taleyüklü bir məsələ kimi baxır, onun düzgün həllini ölkənin hər bir vətəndaşı üçün şərəf sayırdı. O, 1995-ci ilin oktyabrında Azərbaycan Respublikasının yeni Konstitusiyasını hazırlayan komissiyanın iclasında demişdir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə. Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb.”
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib-hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirdi. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə əks etdirir.
Ulu öndər Heydər Əliyev ana dilinə qayğısı və diqqəti sonrakı illərdə də davam etmişdir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçımızın bu siyasəti ardıcıl davam etdirməsi ana dilimizin təkmilləşdirilməsini daha da sürətləndirib. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və digər mühüm tədbirlər dil siyasətini dəyərləndirən əyani nümunələrdir və elmi təşkilatlarımız, alimlərimiz, ziyalılarımız, müəllimlərimiz, eləcə də, hər bir vətəndaş qarşısında yeni vəzifələr qoyur. Dövlət başçımız qətiyyətlə deyir: “Biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” 2013-cü il 9 aprel tarixli Sərəncamı milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Dövlət Proqramının icrasında məqsəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı «Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsini özündə ehtiva edir.
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu gün müstəqil dövlətimizin müstəqil vətəndaşlarının hər biri öz dili ilə fəxr edir və öz dilini sevirlər. Çünki bu dil “Dəmir yumruq” dilidİr, bu dil “Xarı bülbül” dilidir, bu dil dünyanı sülhə, əmin-amanlığa səsləyən dildir. Bu dil qalib və lider dövlətin dilidir.
Elvin Ağayev, Salyan şəhəri,gənc YAP fəalı