Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında yeni əməkdaşlıq formatları yaxşı perspektivlər vəd edir

Baş səhifə

Qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın xarici siyasətində mühüm istiqamətdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Ölkəmizin dünyada yüksələn nüfuzu sayəsində bir çox dövlətlərin Azərbaycanla əməkdaşlığa marağı artır və onların arasında Mərkəzi Asiya dövlətləri xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu baxımdan, son bir ildə Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir.

“Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir”. Bu fikirləri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə deyib. Son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini xatırladan dövlət başçısı bildirib ki, həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarları Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında yeni əməkdaşlıq formatları yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaş olaraq qəbul olunur. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın tarixi mədəni əlaqələr fonunda iqtisadi əməkdaşlığı da yeni inkişaf mərhələsinə qədəm qoyub. Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fəal şəkildə reallaşdırılan investisiya layihələri, bu xüsusda yaradılan Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları da əhəmiyyətli rola malikdir. Eyni zamanda rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfələr vəd edən “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi də nəqliyyat-ticarət əlaqələrinin daha da sıxlaşmasının bariz nümunəsidir. Əminliklə demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Ticarət Limanının nəqliyyat-tranzit baxımından imkanları sözügedən region ölkələrini böyük inkişaf yoluna çıxaracaq. Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan, xüsusilə dəmir yolu nəqliyyatının inkişafı ilə bu potensialı reallaşdırmaq üçün böyük imkanlara sahibdir. Modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin cəlbediciliyini artırır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) regional geosiyasi balanslaşdırma strategiyalarını müəyyən edir və Avrasiya regionunda bir çox dövlətlər üçün mühüm tranzit marşrutudur. Çin və Avropa İttifaqının (Aİ) konteyner dəmir yolu yük şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə birləşdirir.

Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Orta Dəhliz böyük əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan “dənizə çıxışı olmayan ölkələr” statusuna malikdir. Mütəxəssislər bildirirlər ki, Gürcüstan vasitəsilə aparılan tranzit Azərbaycana kömək edir, lakin Mərkəzi Asiya ölkələri üçün bu amil əlavə problemlər yaradır. Bütün bu amillər marşrutun inkişafında öz izini qoyur və bu gün biz həqiqətən də bu marşrutun inkişaf etdirilməsinə ehtiyac olduğunu görürük. Marşrut çox unikal, tamamilə multimodaldır. Orta Dəhlizi daim böyüyən və inkişaf edən canlı orqanizm hesab etmək olar ki, bu da beynəlxalq nəqliyyat marşrutunun uğurundan xəbər verir. Regionun tamhüquqlu tranzit mərkəzinə çevrilən Azərbaycan Orta Dəhlizdə əsas dövlətlərdən biridir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ölkəmizin qarşıya qoyduğu iqtisadi məqsədlərə nail olmağa xidmət edir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə fəal və genişlənən əməkdaşlığa açıq ölkədir.

Bir sözlə, Prezident İlham Əliyevin Astana səfəri türkdilli dünyanın iqtisadi inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat, müdafiə və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq regionun iqtisadi və geosiyasi birliyini gücləndirmək üçün vahid strategiyanı əks etdirir. Bu inteqrasiya türkdilli dövlətlərin qlobal rəqabət qabiliyyətini artırmaq məqsədi ilə güclü iqtisadi blok yaratmağa xidmət edir.

Günel Dadaşova,

Salyan rayon gənci, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir