Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Baş səhifə

Prezident İlham Əliyevin ötən həftə Özbəkistana dövlət səfəri iki türk dövləti arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması baxımından tarixi hadisəyə çevrildi. Buna qədər strateji tərəfdaş olan Azərbaycanla Özbəkistan bu səfərdən sonra həm də rəsmən müttəfiq dövlətlər oldular. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir.

Ümumiyyətlə, türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Türkmənistanla münasibətlər bütün sahələrdə geniş və hərtərəfli olmaqla yanaşı, həm də özünəməxsusluğu ilə fərqlənir. Çünki xalqımız bu dövlətlərin xalqları ilə ortaq dəyərləri, türk soyunu bölüşür.

Xüsusilə qeyd edilməlidir ki, son onilliklərdə türk dövlətləri arasında əlaqələrin daha da gücləndirilməsinin, onların bu istiqamətdə səfərbər olmalarının, təşkilatlanmalarının səbəbkarı məhz Azərbaycandır. Ötən onilliklər ərzində ölkəmiz türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verib. Azərbaycan türk dünyasının yeganə dövlətidir ki, həyata keçirdiyi iqtisadi layihələrlə yalnız öz inkişafını təmin etmir, həm də türk dövlətlərinin iqtisadi əməkdaşlığının güclənməsinə xidmət edir, onların qlobal iqtisadi proseslərdə mövqelərini möhkəmləndirir. Məsələn, Azərbaycanın ərsəyə gətirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti yalnız Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastruktur deyil. Bu həm də Azərbaycandan keçməklə Orta Asiyadan Türkiyəyə qədər türk dünyasının ticarət dövriyyəsini yüksəldən böyük bir iqtisadi imkandır.

Azərbaycanın ərsəyə gətirdiyi enerji layihələri də bütün türk dünyasını birləşdirir, onların qlobal  bazarlara çıxış imkanlarını artırır. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və “Cənub qaz dəhlizi” Orta Asiyanın türk dövləti üçün də hasil etdikləri karbohidrogen ehtiyatların ixracı baxımından yeni imkan deməkdir. Eyni zamanda Türkiyə də Azərbaycanın təşəbbüsləri ilə yaranan bu imkanlardan yararlanaraq özünün enerji təhlükəsizliyini möhkəmləndirir.

Azərbaycanın Qarabağ zəfəri isə həm də bütün türk dünyasının sevincinə səbəb oldu, onların hər birinin qələbəsinə çevrildi. Bu hadisə müasir türk tarixinin mühüm səhifəsinə çevrildi. Bu baxımdan türk dünyası Azərbaycanın qələbəsi ilə daha da gücləndi, daha da böyüdü.

Türk dövlətləri arasında ikitərəfli münasibətlər bütövlükdə türk dünyasının əməkdaşlığına təsir edən mühüm amildir. Bu baxımdan Azərbaycan-Özbəkistan əlaqələri də zəngin və strateji məzmunu ilə diqqəti çəkir. Azərbaycanın Orta Asiyanın əhali sayına görə ən böyük türk dövləti olan bu respublika ilə münasibətləri mühüm özəllikləri ilə seçilir. Belə ki, Azərbaycan-Özbəkistan əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. Bu iki dövləti həmçinin onların xalqlarını tarixdən gələn mədəni bağlılıqlar, dostluq münasibətləri və dövlətlərin siyasi iradəsi birləşdirir. Təsadüfi deyil ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Özbəkistanda böyük sevinc hissi ilə qarşılandı. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb isə bu ölkənin Azərbaycana qardaşlıq dəstəyidir.

Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin dostluq münasibətləri mühüm  rol oynayır. Təsadüfi deyil ki, prezidentlərin qarşılıqlı səfərləri iki dövlət arasındakı yüksək siyasi anlaşmanın və dərin qardaşlıq münasibətlərinin növbəti təntənəsinə çevrilib. Bütün bunlar iki türk dövləti və xalqı arasındakı münaisbətlərin ruhundan xəbər verir.

Prezidentlərin səfərləri zamanı imzalanan sənədlər də ilk növbədə özündə yüksək siyasi əlaqələri və qardaşlıq münasibətlərini təcəssüm etdirir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması bunu təsdiq edir.

Bir sözlə, türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi, bütövlükdə, türk toplumunun siyasi və iqtisadi baxımdan qlobal mövqelərinin gücləndirilməsi Azərbaycanın priorietləridir. Görünən odur ki, türk dövlətlərinin birləşdirici gücü olan Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr və ümumilikdə türk dövlətləri arasında genişlənən əməkdaşlıq bu işə mühüm töhfələr verir.

Səmra Əhmədova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir