Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir

Baş səhifə

Bu gün Azərbaycan dünyanın müxtəlif coğrafi məkanlarında yerləşən əksər ölkələrlə yaxından əməkdaşlıq edir, dostluq münasibətləri qurur, qarşılıqlı faydalı münasibətləri inkişaf etdirir. Belə ölkələrdən biri də dost, qardaş, eyni soya, eyni kökə, eyni dinə mənsub olan Özbəkistandır.

Qeyd edək ki, Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin tarixi çox qədimdir. Səlcuqlar, Xarəzmşah, Əmir Teymurun, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət və məzmun alıb. Sovet İttifaqı dönəmində də hər iki xalq arasında sıx əməkdaşlıq əlaqələri mövcud idi. Ümummilli Lider Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə, o vaxt Azərbaycana rəhbərlik edən Ümummilli Liderlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ulu Öndər və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” etimad və hörmətə əsaslanan gələcək münasibətlərin yaranmasında mühüm rol oynayıb.

Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Bu gün xalqlarımız arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Qətiyyətlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ötən həftə reallaşdırdığı dövlət səfəri hər iki ölkə xalqlarının həyatında tamamilə yeni bir səhifə açdı. Bu səhifəni şərtləndirən isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”dir. Dövlətimizin başçısının təbirincə desək, rəsmən müttəfiqlik münasibətlərdə tarixi məqamdır. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Şuşa Bəyannaməsi fonunda digər türk dövlətlərinin də Bakı ilə münasibətləri müttəfiqlik səviyyəsinə çatdıracağı bəlli idi. Özbəkistan Azərbaycanın Türkiyədən sonra ikinci rəsmi müttəfiqi statusunu aldı. Müttəfiqlik dövlətlərarası münasibətlərin ən ali səviyyəsini bildirir. Dövlətlərarası münasibətləri ifadə edən fərqli razılaşmalara misal olaraq Dostluq və Əməkdaşlıq sazişini, Strateji Tərəfdaşlıq sazişini göstərmək olar. Azərbaycanla Özbəkistan arasında əvvəllər hər iki saziş bağlanılıb, ən son 2022-ci ildə isə dövlət başçıları tərəfindən Strateji Tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Avqustun 23-də imzalanan Müttəfiqlik münasibətlərinə dair sənəd isə münasibətləri ən yüksək pilləyə daşıyan məqam oldu. Müttəfiqlik razılaşması yalnız iki dövlət arasında yüksələn xətlə inkişaf edən siyasi-iqtisadi münasibətləri deyil, həm də xalqlarımızın bir-birinə yaxın olduğunun göstəricisidir.

Daşkənddə həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə Özbəkistan-Azərbaycan arasında yeni birgə layihələrə start verilməsi mərasimi olub. Bildirilib ki, ümumi dəyəri 520 milyon dollar olan 7 layihənin üçü Azərbaycanda, dördü Özbəkistanda olmaqla həyata keçirilməyə hazırdır.

Özbəkistan artıq fəal surətdə azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəb binası Azərbaycana təqdim olunub. Xankəndidə nəzərdə tutulan yüngül sənaye müəssisəsinin yaradılmasına, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

İqtisadi əlaqələrin inkişafında mühüm platforma olan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşib. Daşkənddə keçirilən biznes-forumda 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələrini daha zənginləşdirəcək. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa, həmçinin biznesin dirçəldilməsi işləri, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, özbəkistanlı investorlar ölkəmizdə yaradılan işgüzar mühitdən yararlanmağa dəvət ediliblər. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlıq gündəliyində olan məsələlərdəndir.

Ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahənin, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə stimul verir. Daşkənddə keçirilən biznes forumda onlarla biznes müqavilələrinin imzalanması iqtisadiyyatın müxtəlif sektorları üzrə müştərək müəssisələr, ticarət və investisiya layihələri üzrə əhəmiyyətli anlaşmaların əldə olunması iki ölkə arasında hədəflənən ticarət dövriyyəsinin artmasına töhfə olacaq.

Bir sözlə, Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Respublikamızın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin, həm də bütün türk dünyasının inkişafında böyük rol oynayır. Qətiyyətlə deyə bilərik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Yalçın Abdullazadə,

YAP Salyan rayon təşkilatının məsləhətçisi,

“Vətən Müharibəsi” iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir