Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi  Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Baş səhifə

Böyük alman mütəfəkkiri İmmanuel Kant özünün fəlsəfi-hüquqi nəzəriyyələrində qeyd edir ki, “Güclü dövlətin iki mühüm təminatı mövcuddur – xalq tərəfindən dəstəklənən mütərəqqi ideologiya və bu ideologiyanın daşıyıcısı olan xarizmatik lider”. Ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində də bu iki amil vəhdət təşkil etmiş, Heydər Əliyev – xalq, xalq – Heydər Əliyev birliyi Azərbaycanı üzləşdiyi bəlalardan xilas etmiş, güclü və qüdrətli Azərbaycan Respublikası yaradılmışdır.

Ötən əsrin sonlarına doğru Sovet İttifaqının süquta uğraması ictimai-siyasi vəziyyəti ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın ölkəmizə qarşı əsassız torpaq iddialarına rəvac vermişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda Ulu Öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə deputat seçilməsi xalq tərəfindən böyük sevinclə qarşılandı.

1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası da deputatların istəyi və böyük təkidi nəticəsində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır. Həmin sessiyada Azərbaycanın müstəqilliyi və suverenliyi üçün böyük tarixi qərarlar qəbul edilmişdir. Belə ki, təcrübəli dövlət xadiminin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda qaldırılmış, Azərbaycanın Ali Soveti qarşısında bu bayrağın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi üçün vəsatət irəli sürülmüşdür.

Dahi rəhbər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi, ümumiyyətlə, Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Bu, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi, gələcəyə inamının artması baxımından da böyük dönüş idi. Xalqımız əmin idi ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra daha heç vaxt düşmən caynağına keçə bilməz. Ümumiyyətlə, görkəmli dövlət xadimi ölkənin və xalqın ümid çırağı idi. Naxçıvanda yaşayıb-işlədiyi illərdə Ümummilli Lider Heydər Əliyevin iş otağında yanan çıraqdan bütün Azərbaycana işıq düşürdü.

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”,– deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Ümumiyyətlə, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. Ovaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.

Naxçıvan Muxtar Respublikası bu gün bütün Dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini təmin etmiş, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmiş, enerji, ərzaq və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yeni tipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Ötən dövrdə müdafiə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində böyük işlər görülmüşdür. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi Naxçıvanın ixrac potensialını artırmışdır.

Bütün bunlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən Heydər Əliyev yolunun Naxçıvan reallıqlarıdır. Heydər Əliyev Günəşi, bütövlükdə, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının böyük sabahlara gedən yollarına gur işıq salır.

Allahverdi Piriyev,

Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir