Prezident İlham Əliyevin yaxın günlərdə İtaliyaya işgüzar səfəri yalnız ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından əlamətdar olmadı. Bu səfər həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki aparıcı rolunun, qlobal səviyyədə yüksək nüfuzunun növbəti təsdiqinə çevrildi. İtaliyanın Avropa İttifaqının ən böyük və aparıcı dövlətlərindən biri olduğunu nəzərə alsaq, bu səfəri həm də Aİ üzvlərinin respublikamıza olan münasibəti kimi dəyərləndirə bilərik.
Öncə onu qeyd edək ki, Azərbaycanın yerləşdiyi regionun aparıcı dövləti və lideri olması uzun illərdir ki, qlobal səviyyədə öz təsdiqini tapan gerçəklikdir. Respublikamızın bütün sahələrdə müstəqil siyasət yürütməsi, qlobal məsələlərdə özünün aydın və konkret mövqeyinin olması, dünyada sülhə və təhlükəsizliyə mühüm töhfələr verməsi beynəlxalq miqyasda qəbul edilən reallıqlardır.
Azərbaycanın beynəlxalq tranzit qovşağına çevrilməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və “Cənub qaz dəhlizi” kimi nəhəng layihələrin reallaşmasına nail olması da dünyanın diqqətində olan hadisələrdir. Bunları Avropa dövlətləri, o cümlədən Aİ üzvləri də görürlər. Təsadüfi deyil ki, Aİ-yə üzv dövlətlərin 10-u ilə Azərbaycan arasında strateji tərəfdaşlıq adlanan sənədlər və bəyannamələr imzalanıb.
Azərbaycan həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına dəstək verən dövlətdir. Azərbaycandan təbii qaz alan dövlətlərdən 7-si Aİ üzvüdür. “Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Qeyd edək ki, Sentyabrın 6-da İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən beynəlxalq forum keçirilmişdir. İtaliyaya işgüzar səfəri çərçivəsində forumda əsas qonaq qismində iştirak edən dövlət başçısı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış etmişdir. Sayca 50-ci olacaq mötəbər forumda Prezident cənab İlham Əliyevin əsas qonaq kimi iştirakı ilk növbədə ölkəmizin və Prezidentimizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.
Şübhəsiz, keçirilən hər bir tədbir iştirakçı ölkələrin malik olduğu imkanların, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Hər zaman bu mühüm məqam xüsusi diqqət çəkir ki, beynəlxalq tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycana xüsusi maraq göstərilir. Bu, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. “The European House – Ambrosetti” beyin mərkəzi, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Cənab İlham Əliyevin belə bir yüksək statusun daşıyıcısı olan Forumda dərin məzmunlu çıxışı, tədbir çərçivəsində keçirdiyi görüşlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi və hazırda xarici ölkələrin mətbuatında geniş təhlil edilir.
Göründüyü kimi, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü qətiyyətlə deyən ölkəyə çevrilib. Xüsusilə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.
Dövlətimizin başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən “Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, – bunu hamı bilir, – daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi” fikirlərinin davamı olaraq bu çağırışı da etdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir: “Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq.”
Günümüzün reallıqları belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırış etməklə yanaşı, bunu əməli fəaliyyəti ilə təsdiqləyir. Bütün dünyanı Bakıda bir araya gətirəcək COP29 bunun bir daha əyani təsdiqi olacaq.
Hünər Abdullayev,
Salyan rayon Şorsulu kəndi, YAP fəalı