Hazırda planetimiz elə bir yeni eranın başlanğıcındadır ki, bəşəriyyəti idarə edən iqtisadi prinsiplərdir. Daha konkret desək, ölkələrin böyüklüyü və ya kiçikliyi sərhədlənmiş coğrafi ərazilərlə deyil, iqtisadi nüfuz dairələri ilə müəyyən olunur. Gərgin mübarizələrlə yaradılan vahid iqtisadi məkandakı payı ilə ölçülür. Bu baxımdan yanaşdıqda ötən əsrin sonlarında müharibələrin və toqquşmaların səngimədiyi bir regionda beynəlxalq iqtisadi maraqların intensivliyini artırmaqla yanaşı, supergüclərin, böyük dövlətlərin kor-koranə dini təəssübkeşlik hisslərini iqtisadi maraqlarla kompensasiya etmək, onları iqtisadi dividendlər müstəvisinə dəvət etmək ulu öndər Heydər Əliyevin böyük siyasətdə ən mühüm uğurlarından idi.
Beynəlxalq siyasət müstəvisində atılan bu addımlar həmin dövrdə ölkəmiz üçün yaradılmış ən böyük problemin həllinə, həm də Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və bütün dövrlər üçün dönməzliyinin təmininə yönəldilmişdir. Ümummilli Lider bu barədə öz fikirlərini belə ifadə etmişdi: “Biz istəyirik ki, həqiqətən Avropada təhlükəsizlik, sülh, əmin-amanlıq olsun, eyni zamanda öz problemimizin həllini, yəni Qafqazda əmin-amanlıq, sülh olmasını istəyirik”.
Bəşəriyyət tarixinə diqqət edəndə görünür ki, iqtisadiyyat da, mədəniyyət də, dövlətlər və ölkələrarası digər əlaqələr də arxa planda qalır, ən çox nəzərəçarpan müharibələr olur. Azərbaycan da 30 illik müstəqillik tarixində əks-hücumla başlayan, Zəfərlə tamamlanan Vətən müharibəsi dövrünü yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə geniş yenidənqurma və irimiqyaslı quruculuq işləri başlandı. Müharibənin ilk günündən “Azərbaycan yalnız deyil, biz onun yanındayıq”, – deyən qardaş Türkiyənin, həmçinin Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, İtaliyanın, İsrailin və digər dost və tərəfdaş ölkələrin şirkətləri layihələndirmə və quruculuq işlərində yaxından iştirak edirlər. Bu, həm dost, qardaş köməyi, həm də qarşılıqlı mübadilədir. Çünki ayrıca götürülmüş bir ölkə yalnız öz çərçivəsində iqtisadiyyatını yüksək səviyyədə inkişaf etdirə bilməz. Bu barədə ümummilli lider Heydər Əliyevin fikirləri daha dəqiq və konkretdir: “Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və ümumiyyətlə, dünyada daha da yüksəlmək üçün bu, yeganə bir yoldur”.
Ulu Öndərin tövsiyələrinə uyğun olaraq həmin ənənələr bu gün də yaşadılır. Hazırda Azərbaycan Avropa-Qafqaz-Asiya və ya Avropa-Asiya dəhlizinin yenilənməsi, inkişafı və təkmilləşdirilməsi üçün xüsusi aktivlik göstərməklə həlledici aktora çevrilib. Çin-Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa xətti hazırda bütün daşımalar üçün ən əlverişli, perspektivli marşrutdur. Bu marşrutla (dəmiryolu da daxil) nəinki neft-qaz, alternativ enerji – “yaşıl enerji” Avropa və dünya bazarlarına çatdırılacaq, həm də digər xammal və yüngül sənaye məhsulları ixrac ediləcək. Ölkəmiz Şərq-Qərb nəqliyyat xəttində zəruri məntəqə olmaqla layihənin həyata keçirilməsində siyasi-iqtisadi mövqedən aparıcı rol oynayır. Mütəxəssislərin hesablamalarına görə, həmin marşrut üzrə yükdaşımaların sürəti 2 dəfə artmaqla 30 faiz ucuz başa gəlir.
Dünyaya nümunə olan Azərbaycan qazandığı yüksək nüfuz sayəsində neft-qaz, bərpaolunan enerji – “yaşıl enerji”, bir sözlə, iqtisadiyyatın müxtəlif sahələrində, yeni texnologiyaların tətbiqi ilə çoxşaxəli əməkdaşlıq əlaqələrini daha da genişləndirmək əzmindədir. Hazırda Azərbaycan Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və dünya ölkələri ilə münasibətlərinin yeni inkişaf mərhələsini yaşayır. Ölkəmiz müttəfiqlik, strateji tərəfdaşlıq, bərabərhüquqlu və etibarlı əlaqələrə əsaslanan münasibətləri bundan sonra da uğurla inkişaf etdirəcək.
Ulu öndər Heydər Əliyevin böyük siyasətdə ən əsas uğurlarından biri regionun coğrafi-siyasi xəritəsində iqtisadi meyillərin intensivliyini artırmaqla supergücləri zahiri ermənipərəstlikdən uzaqlaşdıraraq iqtisadi maraqlar müstəvisinə cəlb etməsi idi. “Əsrin müqaviləsi”, BİY-in bərpası, BTC layihəsi, “Qafqazda təhlükəsizlik paktı” ideyası, digər çoxsaylı beynəlxalq neft-qaz müqavilələri vahid strateji siyasətin detalları olsa da, həmin böyük mərama xidmət etmişdir.
Bu gün Azərbaycan Prezidentinin böyük siyasətdə və uğurlu enerji strategiyasında ən əsas məqsədlərindən biri iqtisadi müstəvidə fokuslanmış maraqların əvəzləyici vektorunu Cənubi Qafqazda böyük sülhün reallaşmasına yönləndirməkdir, yəni 30 illik münaqişənin Azərbaycanın təşəbbüsü ilə sülh sazişinin imzalanması ilə yekunlaşmasıdır. Bu, həm də tarixdə iki ölkənin birlikdə özlərinin sülhə nail olması nümunəsi kimi qalar. Cənab Prezidentin dediyi kimi – “Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik… Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır”.
Bayram Rəhimov,
Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin müəllimi,
YAP fəalı