Antiterror tədbirləri və uğurlu nəticə…

Baş səhifə

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra regionda sülhün bərqərar olunması üçün heç bir addım atmayan, əvəzində isə Qarabağdakı separatçı dəstələrə dəstək verən Ermənistana daha bir dərs verildi. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirərək separatçı qüvvələrin hərbi təyinatlı obyektlərini, uzunmüddətli atəş nöqtələrini məhv etdi. Azərbaycan ordusu 24 saatlıq antiterror tədbirləri zamanı verilən tapşırıqları yüksək peşəkarlıq və dəqiqliklə həyata keçirməsi nəticəsində düşməni ağır məğlubiyyətə uğradaraq “ağ bayraq” qaldırmağa vadar etdi. 44 günlük müharibədə olduğu kimi, 19 sentyabrda başlanılan və 24 saata bitirilən antiterror əməliyyatı da dünya hərb mərkəzləri tərəfindən diqqətlə öyrənilir. Ermənistan və ona havadarlıq edən dövlətlər “Dəmir yumruq”, “Qisas” əməliyyatlarının dərslərini unutmağa çalışsalar da Azərbaycan Ordusu suverenliyimizə qarşı törədilən təxribatların qarşısını qətiyyətlə almaqla yenidən onlara bu dərsləri xatırlatdı.

Silahlı Qüvvələrimiz apardığı bu sürətli əməliyyatlara müxtəlif istiqamətlərdə kiçik tərkibə malik qrupları cəlb etməklə diqqətəlayiq uğurlar qazandı. Görülən bu tədbirlər nəticəsində Ağdam-Əsgəran, Təzəkənd-Sırxavənd, Xankəndi-Xocalı yolları tamamilə Ordumuzun nəzarətinə keçdi. Dərinliyə irəliləyən qüvvələrimiz düşmənin bütün təminat, təchizat və manevr yollarını bağladı və erməni silahlı birləşmələrinin manevr imkanlarını heçə endirdi. Xüsusi təyinatlı bölmələrin qüvvələri isə əməliyyat zamanı gizli şəkildə düşmənin dərinliyinə doğru irəliləyərək bütün giriş-çıxış yollarını tam nəzarətə götürdü. Bundan sonra Ermənistan mövcud olan silahlılarını tərksilah etməklə təslim olduğunu elan etdi.

Bu növbəti tarixi Qələbə ilə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. O, prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Məhz nadir tarixi şəxsiyyət İlham Əliyevin sağlam və uzaqgörən siyasəti nəticəsində ilk dəfə idi ki, xalqımız tarixdə son iki əsrlik dövr ərzində qalibiyyəti yaşadı, ona məxsus olanı geri alaraq, dövlətçiliyini qorudu və öz suverenliyini tam bərpa etdi. Beləliklə, Prezident İlham Əliyev ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır. Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi: “Zəfər adı xalqımıza çox yaraşır…Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır…”.

Azərbaycan Ordusunun bir il əvvəl həyata keçirdiyi antiterror tədbirləri hərb tarixində nadir əməliyyat hesab olunur. Çünki bu əməliyyat kifayət qədər böyük əraziləri əhatə etsə də, bir nəfər də olsun mülki şəxsə və obyektə ziyan dəymədi. Azərbaycan Vətən müharibəsindən sonra bizim üçün ən böyük əhəmiyyət daşıyan növbəti şanlı Qələbəyə imza atdı.

Bu gün ölkəmiz işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərini həyata keçirir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazımi tədbirlər görür. Ən vacib məqam isə ondan ibarətdir ki, ölkəmiz bərpa-quruculuq işlərini heç bir kənar maliyyə yardımı olmadan, yalnız öz vəsaiti, daxili imkanları hesabına həyata keçirir. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Bəli, bu müqqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Onun bütün sahələr üzrə davamlı inkişafı dostda güvən, düşməndə qorxu yaradır. Bunun əməli nəticəsidir ki, bu günədək Qarabağın hətta de-yure Azərbaycan torpağı olmasını dilə gətirmək istəməyən həmin qüvvələr indi Qarabağın həm de-yure, həm də de-fakto Azərbaycan torpağı olduğunu bəyan edirlər.

Misilsiz dövlətçilik təfəkkürünə malik Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq.

Könül Babayeva,

Salyan rayonu Seyidsadıqlı kəndi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir