Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Vətən müharibəsi qəhrəman əsgər və zabitlərimizin yüksək qələbə əzmini, vətənpərvərliyini, xalqımızın milli birliyini, Azərbaycanın heç vaxt işğalla barışmadığını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Qəhrəman ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terrorçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz.
Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Ümumiyyətlə, Türkiyə hər zaman Azərbaycanın yürütüyü siyasətə hər tərəfli dəstək göstərən ölkədir. Yada salmaq kifayətdir ki, ərazilərimizin 30 ilə yaxın müddətdə Ermənistanın işğalda saxlamasına etiraz əlaməti olaraq Türkiyə bu ölkə ilə sərhədləri bağlamış və beynəlxalq arenada Azərbaycanın haqq işinə hər zaman öz dəstəyini nümayiş etdirmişdir. Xalqımız bu dəstəyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun düşməndən öz torpaqlarını azad etdiyi 44 günlük Vətən müharibəsində şahidi oldu. 44 gün ərzində apardığımız bu haqq savaşı dost və qardaş ölkələri bizə bir daha tanıtmaqla yanaşı, həm də özünü dost kimi qələmə verib, məkrli siyasət aparan dövlətlərin əsl simasını da üzə çıxardı. Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə bu dəfə də dövlətimizin çətin günündə öz mənəvi, siyasi dəstəyini və köməyini əsirgəmədi. Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı. Müharibənin başladığı ilk günlərdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalar onu göstərdi ki, Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi oldu. Burada biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi və mənəvi dəstəyini də xüsusi olaraq qeyd etməliyik. Bununla bağlı o şərəfli və çətin günlərdə Prezident İlham Əliyev qadaş ölkənin rolunu yüksək qiymətləndirərək bildirmişdir: “Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç zaman unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.”
2020-ci ilin dekabr ayının 10-da Bakının Azadlıq meydanında 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə münasibəti ilə keçirilən hərbi paradda başda Türkiyə Cumhuriyyətinin Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hökümət nümayəndələrinin iştirak etməsi dostluq və qardaşlığımızın növbəti tənətəsi kim tarixə düşdü.
2021-ci il iyunun 15-də isə Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada iki dost və qardaş ölkə arasında Bəyannamə imzalamaqla, sözün əsl mənasında, tarix salnamə yazdılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatı oldu. Bu Bəyannamə iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir. Eyni zamanda, Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipial məsələlərdə güclü dəstək nümayiş etdirir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda bir daha öz təsdiqini tapmasıdır.
Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP fəalı