Hərbi gücümüzün artırılması prioritetdir

Baş səhifə

 Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı xalqa verilən uğur hesabatı olmaqla yanaşı, həm də Azərbaycanın gələcək prioritetlərini özündə ehtiva edən yol xəritəsi idi. Dövlət başçısının görülən işlər və ölkə qarşısında duran vəzifələr haqqında proqram xarakterli çıxışı həm də tarixin ən qüdrətli Azərbaycanının əyani təsviri idi.

Cənab Prezident indiyə qədər görülən işlər, ayrı-ayrı beynəlxalq güclərin oynadıqları oyunlar və onların gələcək planları barədə əsaslı fikirlər səsləndirdi. Ölkə başçısının dediyi kimi, son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Buna baxmayaraq, ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir. Ancaq bu, nə bizim, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.

Dövlət başçısı çıxışında bildirdi ki, qalib olmağımıza baxmayaraq, hər zaman sülhün tərəfdarıyıq və Ermənistanla sülh müqaviləsinin bağlanmasının təşəbbüskarı da məhz bizik. Ancaq təəssüflər olsun ki, Ermənistan çağırışlarımıza hələ də konkret cavab vermir. Onlar xarici havadarlarına arxalanaraq, Qərbdən, Avropa ölkələrindən silah almaqla özlərinin ordusunu yenidən qurmağa çalışır və sülhü ləngidirlər. Bu, yolverilməzdir və Ermənistanı silahlandıranlar bir daha 44 günlük müharibənin, 23 saat davam edən antiterror tədbirlərinin nəticələrindən lazımi dərs almalıdırlar.

Bəli, müharibə bitsə də, Ermənistanda revanşizm meyilləri hələ də bitməyib. Rəsmi İrəvan sülhlə bağlı ara-sıra açıqlamalar versə də, sülh prosesində səmimi olmadığı gün kimi ortadadır. Ermənistanın sürətlə silahlanması da revanşizm niyyətlərindən irəli gəlir. Son zamanlar Fransadan və Hindistandan silah və hərbi texnikanın alınması da bu məkrə xidmət edir. Təbii ki, belə bir şəraitdə Azərbaycan dövləti hərbi gücünün daha da artırılmasını prioritet vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, birnömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır: “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Ümumiyyətlə, tarixi təcrübəmiz göstərir ki, Azərbaycan hələ Vətən müharibəsinə qədər hərbi gücünü artırmaqla öz milli hədəflərinə doğru olduqca müdrik və düzgün addımlar atıb. Çünki bu gün beynəlxalq hüquq demək olar ki, işləkliyini itirib.  Prezident İlham Əliyevin çox düzgün və haqlı olaraq qeyd etdiyi kimi, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.

Vətən müharibəsinə qədər Azərbaycan beynəlxalq hüququn prinsiplərinə söykənərək torpaqlarını işğaldan azad etməyə çalışsa da, Ermənistanın arxasında duran siyasi mərkəzlər buna imkan vermədilər, beynəlxalq hüququ görməzdən gəldilər. Belə bir şəraitdə Azərbaycan dövləti torpaqlarını güc yolu ilə azad etməsinin mümkünlüyünü gizlətmədi və hərbi gücünü artırdı, ordusunun döyüş imkanlarını ən müasir standartlar səviyyəsinə yüksəltdi. Vətən müharibəsi və antiterror tədbirlərində qazanılan zəfərlər Azərbaycanın öz hədəflərinə inamla çata bilən dövlət olduğunu dünyaya nümayiş etdirdi.

Vətən müharibəsindən sonra Azərbaycan öz hərbi gücünü artırıb və Silahlı Qüvvələrimiz 4 il əvvəlkindən qat-qat güclüdür. Dövlətimizin başçısı çıxışında bununla bağlı fikirlərini belə bildirib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.

Ölkə rəhbəri Ermənistanın bugünkü vəziyyətinə də diqqəti cəlb edərək, aydın mesajlar verərək nəzərə çatdırdı ki, Ermənistanı silahlandıranlar gələcək üçün məsuliyyət daşıyırlar. Azərbaycan heç bir ölkənin təsirinə məruz qala bilməz. Ancaq bu gün Ermənistanın silahlandırılması, orada xarici ölkələrdən gətirilən insanların təlim keçmələri heç bir nəticə verməyəcək. Bu əslində sülh sazişinin bağlanmasına bir maneədir. Əlbəttə ki, bu maneəyə səbəb olanlar, Ermənistanı silahlanmağa cəlb edənlər mütləq cavab verəcəklər.

Bəli, Azərbaycan bu gün müstəqil və qətiyyətli siyasəti olan dövlətdir. Vətən müharibəsi, torpaqlarımızda erməni separatçılığına son qoyulması da bunu təsdiq edir. Həm Ermənistan, həm də onun havadarları bilməlidirlər ki, Azərbaycanla təzyiq  və ultimatum dilində danışmaq mümkün deyil.

Rəşad Tağızadə,

Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbinin direktoru,

Vətən müharibəsi iştirakçısı, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir