Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir

Baş səhifə

Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu, bu müddətdə uğurlu sosial-iqtisadi göstəricilər əldə edildiyini və belə bir irəliləyişin gerçəkləşəcəyinə əminliyi hələ cari ilin əvvəlində vurğuladığını bildirib. Dövlət başçısı bu il iqtisadiyyatımız üçün uğurlu olacağını hələ ilin əvvəlində qeyd etdiyini xatırladaraq, iqtisadi artımın 4,3 faiz təşkil etdiyini dedi. Müşavirədə bir sıra məsələlər müzakirə olundu, ən əsas məqam isə neft ölkəsi Azərbaycanda son illərdə həyata keçirilən uğurlu siyasət nəticəsində qeyri-neft sektorundakı irəliləyişlərlə bağlı göstəricilər idi.  Belə ki, bu il ərzində qeyri-neft sektorunda artımın 7 faiz təşkil etdiyi vurğulandı.  

Ölkə rəhbəri qeyd etdi ki, bu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımların və düşünülmüş islahatlar siyasətinin öz bəhrəsini verdiyini göstərir. Hədəf isə iqtisadiyyatı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.

Bu gün iqtisadi diversifikasiyada qeyri-neft sənayesinin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir. Bu mərhələdə qeyri-neft sənayesinin inkişafı ölkəni karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə olunan gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son illərdə respublikada yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və bölgələrdə sənaye parklarının yaradılması, daxili tələbatın ödənilməsində yerli məhsulların payının əhəmiyyətli dərəcədə artması da bu məsələnin reallaşmasında həlledici rola malikdir.

Respublikada uğurlu iqtisadi göstəricilərin əldə edilməsində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirib. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərib.

Qeyri-neft iqtisadiyyatının inkişafı ilə yanaşı, Azərbaycanın ümumi tərəqqisində mühüm rol oynayan neft sektorunda da son dövrlərdə sabitləşmə və müsbət meyillər müşahidə edilməkdədir. Dövlət başçısının vurğuladığı kimi son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə buraxılmış bir sıra nöqsanlar neftin hasilatının ildən-ilə azalmasına səbəb olub, həmin nöqsanların aradan qaldırılması və neft hasilatının sabitliyinin təmin edilməsi üçün xarici konsorsiumla danışıqlar aparılıb və vəziyyət ümidvericidir. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlənilir və həmin layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozları əldə olunacaq. Ümumilikdə, yeni layihə və yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilməsi gözlənilir ki, bu da neft-qaz sahəsində müsbət templəri təmin edəcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müşavirədəki çıxışında ölkəmizdə iqtisadi inkişaf dinamikasının gözlənilən səviyyədə olduğunu və mövcud artım templərinin 2025-ci il üzrə də iqtisadiyyatın uğurlu olacağını bildirərək qeyd edib: “İqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, – nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq”.

Dövlət başçısı ölkəmizdə təmin edilmiş əlverişli investisiya mühiti şəraitində sərmayə qoyuluşlarının artırılması üçüm təşviqedici siyasətin davam etdiriləcəyini də xatırladıb. Xüsusilə də, xarici sərmayələrin cəlb olunması, o cümlədəm əsas prioritet sahə olan qeyri-neft sektoruna cəlb edilməsi üçün həyata keçirilən bir çox təşviq layihələrinin bu istiqamətdə mühüm rol oynayacağına əminliyini ifadə edib. Ölkəmizdə hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, dövlətin güclənməsi, ələlxüsus da ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edilməsindən sonra yaranmış münbit geoiqtisadi imkanlar xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırıb.

Bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlara yüksək dövlət qayğısı, regionların proporsional inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir. Dünyanın nüfuzlu beynəlxalq qurumlarının, araşdırma mərkəzlərinin, nəşrlərinin və ekspertlərinin ümumi rəyindən də belə aydın olur ki, Azərbaycan bundan sonra da iqtisadi sferada sürətli inkişaf tempini qoruyub saxlayacaqdır.

Nərmin Şükürova,

Qida Təhlükəsizliyi Agentliyi Salyan Regional bölməsinin sektor müdiri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir