Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

Baş səhifə

Azərbaycan xalqının mədəniyyətinin ən sevilən sahələrindən biri də aşıq sənətidir. Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. 

Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri şübhəsiz ki, Aşıq Ələsgər olmuşdur. Xalqımızın mədəniyyətini və milli-mənəvi dəyərlərini daim uca tutan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 30 sentyabr 2024 tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi. Tədbirdə çıxış edən dövlət başçımız qeyd etdi ki, Aşıq Ələsgər yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Çünki 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, – o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, – yenə də öz Vətəninə qayıtmışdır.

Qeyd edək ki, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, xalıqmızda haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar.

Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər: “Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.”

Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki, həm qısamüddətli, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti,  gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Qərbi Azərbaycana qayıdış hər bir azərbaycanlı üçün milli prioritet və milli vəzifədir. Yəni bu təkcə Qərbi Azərbaycana qayıdış deyil, həm də bütövlükdə Azərbaycan xalqının tarixi torpaqlarının bir parçası olan coğrafiyaya yenidən qayıdışı, milli-mənəvi dəyərlərimizin yenidən bərpası olacaq. Biz o günü səbirsizliklə gözləyir və inanırıq ki, gün gələcək, biz Aşıq Ələsgərin dogma yurdunda ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.

Əlişir Əliyev,

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi, YAPf əalı

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir