Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu dövlətlərlə əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir. Bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı. Belə ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasında səfərdə oldu. Səfər çərçivəsində Prezident Vladimir Putin ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırdı. Təbii ki, qarşılıqlı səfərlər gündəlikdə əksini tapan məsələlərin müzakirəsinə, ümumi mövqeyin ortaya qoyulmasına imkanlar yaradır. Təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirsək Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar.
Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Azərbaycan və Rusiyanın vaxtilə vahid İttifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqil Azərbaycan və Rusiya dövlətləri arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Həmin ilin sentyabrında Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin qonşu dövlətlərlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdə saxlayır. Dövlətimizin başçısının 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı oldu. Bu fikir hər iki ölkənin dövlət başçıları tərəfindən qeyd edilir ki, Sovetlər Birliyinin dağılmasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qaldırıb.
Dövlətimizin başçısı İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da münasibətlərimizin dünəninə, bugününə diqqət yönəldərək Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqust ayında ölkəmizə dövlət səfəri zamanı Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyini bildirdi. Bu mühüm addım da iki dost, müttəfiq ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişi kimi qeyd edildi.
Dövlət başçısı İlham Əliyev həmçinin, cari ilin mühüm hadisələrindən biri kimi Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyini də xüsusi qeyd etdi. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirdi. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət göstərdiyi məqamlardan biri də Azərbaycanın İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasına sanballı töhfələr verməsi oldu. Bildirildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Tariel Atamalıyev,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP fəalı