Azərbaycan faşizm üzərində ümumi qələbəyə sanballı töhfə verib 

Baş səhifə

Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətin qəbul ediləcəyini bildirib və bu müharibədə Azərbaycanın ümumi qələbəmizə sanballı töhfə verdiyini qeyd edib. Dövlət başçısı bildirib ki, həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.

Doğurdanda bu böyük Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 700 minə yaxın oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Dövlət başçısı çıxışında Böyük Vətən Müharibəsində Bakıda 41 hərbi hospital fəaliyyət göstərdiyini və burada 440 min yaralının müalicə aldığını xüsusi vurğuladı. Bildirdi ki, 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar.”

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıq göstərərək gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 80 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 96 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

İkinci Dünya müharibəsinin qalibləri bu amansız müharibədə böyük itkilər vermiş xalqlardır. Azərbaycan xalqı da bu Qələbənin qazanılmasına kifayət qədər böyük töhfələr verib, istər ön cəbhədə, istərsə də arxa cəbhədə. Bu xalqımızın qürur tarixidir. Bu Qələbə bizim şərəfli keçmişimizin göstəricisidir. İndi qarşımızda dayanan ən böyük vəzifələrdən biri xalqımızın bu Qələbənin əldə edilməsindəki tarixi xidmətlərini təbliğ etmək, nəsildən-nəslə ötürməkdir.

Bu gün böyük qürur hissi keçiririk ki, 1941-1945-ci illərdə olduğu kimi, İkinci Qarabağ müharibəsində də, antiterror tədbirlərində də Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın igid övladları böyük şücaət göstərdilər, torpaqlarımız uğrunda canlarından keçdilər və tarixi ədaləti bərpa edərək doğma torpaqlarımız düşmən tapdağından azad olundu.

Rəfiqə Ağabəyova,

Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir