Bizim 9 may ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

Baş səhifə

Azərbaycan uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində həm də etibarlı tərəfdaş kimi tanınır və bu imicini getdikcə daha da möhkəmləndirir. Ölkəmiz həyata keçirilən siyasətin effektivliyi, sosial-iqtisadi uğurları, regional və qlobal proseslərə təsir imkanları, təşəbbüskarı və əsas icraçılarından olduğu layihələri ilə hazırda böyük bir coğrafiyanın çox güclü və nüfuzlu aktoru kimi qəbul edilir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclasındakı iştirakı yeni əməkdaşlıq imkanlarına, davamlı perspektivlərə geniş yollar açdı.

Rusiya ilə münasibətlərin inkişafı Azərbaycan üçün hər zaman mühüm məsələlərdən olub. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərək bu ölkənin dost xalqına yeni uğurlar və nailiyyətlər arzuladı. Daha sonra MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsini xüsusi vurğuladı. “Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb” – Azərbaycan Prezidenti çıxışında xüsusi bildirdi.

Dövlətimizin başçısı bir aydan sonra Azərbaycanın ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına evsahibliyi edəcəyini vurğuladı: “Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”.

Daha sonra mühüm bir məsələ – MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul edildi. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yüz minlərlə Azərbaycan övladının qanı bahasına əldə olunmuş faşizm üzərində qələbə ilə bağlı ölkəmizin mövqeyini həmişə qətiyyətlə dilə gətirir: “Biz Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparırıq. Bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər”.

Dövlətimizin başçısı MDB Dövlət Başçıları Şürasının iclasında da bu barədə çıxışında bildirdi ki, Azərbaycan qələbəyə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşa”lar, “Yak-3” qırıcıları istehsal edilirdi.

Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə bayrağını Brandenburq darvazası üzərinə sancdılar.

416-cı milli diviziya cəbhədə 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Berlinə qədər minlərlə kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən – Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 23 mindən çox canlı qüvvəsini, 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, küllü miqdarda qənimət ələ keçirmişdi.

Bu diviziyanın döyüş yolu üzərindəki müxtəlif şəhərlərdə onun qələbələri şərəfinə xatirə abidələri ucaldılıb. Taqonroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində diviziyanın xatirə ansamblı yaradılıb. Taqonroqda, Kiyevdə, Nikolayevdə, Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilib. Bütün bunlar Azərbaycan tarixinin daha bir şanlı səhifəsidir. Azərbaycan Prezidenti İlham Əliyev həmçinin qeyd etdi ki, “Bizim 9 may ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.

Bəhram Bağırov,

Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi

, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir