Son 35 ildə ağır məhrumiyyətlərdən, çətinliklərdən, sınaqlardan çıxaraq addım-addım əbədi bərqərar olduğumuz qələbə zirvəsinə yetmişik. 1988-ci ildən başlayaraq xalqımıza zülmlər, ağrı-acılar yaşadan erməni faşizmindən, terrorundan, separatizmindən qurtulmuşuq. Sərsəm “miatsum” ideyasının arxasınca düşərək millətimizin qatilinə çevrilən erməni canilərini haqq-ədalət qarşısında cavab verməyə məcbur etmişik.
Torpaqlarımızın bir qərinəlik işğalına son qoyaraq yüz minlərlə keçmiş məcburi köçkünü vətəndə qəribçilik yükündən azad edərək Qarabağ və Şərqi Zəngəzura yeni həyat qaytarmışıq. Ən ümdəsi müstəqil ölkəmizin bütün ərazilərində bayrağımızı dalğalandırmışıq, Qarabağda suverenliyimizi tam bərpa edərək bütöv Azərbaycan olmuşuq.
Əlbəttə, tarix heç zaman unudulmur. O işğal günləri də yaddan çıxmayacaq. Ermənilərin namərdliyi, qəddarlığı, təcavüzü tarixdə qaldı. Təqvimimizdəki qara səhifələri artıq bayram günləri əvəz edib. Çünki biz qalib xalqıq. Azərbaycanın Müzəffər Ordusu ötən ilin 19-20 sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistan silahlı qüvvələrinin qalıqlarını, cinayətkar xunta rejimini birdəfəlik diz çökdürdü. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycanın suverenliyi tam bərpa edildi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə bayrağımızı ucaltması Azərbaycan xalqının illərdir qəlbində dövr edən sağalmaz vətən yarasına məlhəm çəkdi. Bayrağımızın ana yurdun hər yerində dalğalanmasından böyük qürur hissi keçirdik, torpaqlarımız uğrunda canını qurban verən bütün şəhidlərimizin ruhunun şad olmasına görə ürəyimiz dinclik tapdı.
Bəli, bu gün artıq Azərbaycan Bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan xalqı uzun illərdir səbirsizliklə bu günü gözləyirdi. Bu gün biz artıq 200 illik tariximizdə, sovet dövründə nəzarətimizdə olmayan ərazilərə nəzarət edirik, həmin ərazilərə sərbəst gedə bilirik. Bütün bu uğurlara Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin böyük uzaqgörənlik və müdrikliklə davam etdirdiyi siyasət nəticəsində nail olub.
“…Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. …Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Prezident İlham Əliyev bu sözləri oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində bildirib.
Ali Baş Komandan bildirib ki, bu günü biz 30 ildən çox gözləmişik. Bütün Azərbaycan xalqının ürəkdən sevindiyini deyən Prezident vurğulayıb ki, hər birimiz inanırdıq ki, bu gün gələcək. “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik”, – dövlət başçısı qeyd edib.
Bəli, dövlət başçısının söylədiyi kimi, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.
Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.
Lalə Hüseynzadə,
YAP Salyan rayon təşkilatının fəalı