Füzulinin azad edilməsi ilə ordumuz yeni tarix yazdı

Baş səhifə

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 Oktyabr – Füzuli Şəhəri Günü elan edilmişdir. Düz 4 il əvvəl məhz bu gün Füzuli şəhəri düşmən əsarətindən azad edilmişdir. Bu əlamətdar hadisə təkcə dahi şairin adını daşıyan rayonun sakinlərində deyil, ölkəmizin hər bir vətəndaşının qəlbində böyük ruh yüksəkliyi və coşqu yaratmışdır. 

Dörd il əvvəl işğalçı Ermənistanın təxribatlarına cavab olaraq, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlanmışdır. Bu gün qürur hissilə deyə bilərik ki, döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaətlər və qəhrəmanlıqlar göstərmişdir.

Füzuli rayonunun azad edilməsi uğrunda savaş Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq istiqamətində apardığı ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşmüşdür. Bir həqiqəti söyləmək lazımdır ki, Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Belə ki, bu ərazidə 30 il ərzində düşmən cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Bir çoxları Füzulini işğaldan azad etmək üçün həftələrlə, bəlkə də aylarla vaxt lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürətilə keçməyə qadir olduğunu bir daha sübut etdi.

Bəli, Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Qeyd edək bu tarixi qələbə 44 günlük şanlı savaşın gedişatında həlledici mərhələlərdən biri idi.

Məlumat üçün bildirək ki, Füzuli şəhərinin bünövrəsi hələ 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində dahi şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. 23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür.

5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur.

İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir qismini vandalcasına dağıtmışdır.

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində demişdir: “Bu gün tarixi bir gün idi. On yeddisi oktyabr 2020-ci il nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində də əbədi qalacaqdır. Bu gün biz hamımız sarsılmaz birliyimizlə dövlətimizin ən parlaq səhifəsini yazırdıq, həmrəylik, qarşılıqlı dəstəklə bu şanlı tarixi əbədiyyətə çevirirdik. Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır. Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.

Bəli, Füzuli şəhərinin və onun ətraf ərazilərinin işğaldan azad edilməsi Vətən müharibəsində ölkəmizin hərbi-taktiki üstünlüyünü dönməz şəkildə təmin etdi. Füzulinin malik olduğu unikal coğrafi mövqe və kommunikasiya imkanları digər ərazilərimizin düşməndən təmizlənməsində təsirli rol oynadı. Bu hərbi nailiyyət Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin və Ordumuzun gücünü, qüdrətini, Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya nümayiş etdirdi.

Fariz Sadıqlı,

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir