Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
Qeyd edək ki, Füzuli şəhəri erməni işğalından 2020-ci il oktyabrın 17-də azad olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla həmin tarix Füzuli Şəhəri Günü kimi təsis edilib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev məhz həmin gün xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
İşğaldan azad edildikdən sonra Füzuli şəhəri faktiki olaraq tamamilə yenidən qurulur. Vətən Müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Ölkə Prezidenti cənab İlham Əliyevin azad olunmuş ərazilərə etdiyi səfərlər əlbəttə ki, görülən bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsini daha da stimullaşdırıb. Digər işğaldan azad olunmuş rayonlarımızda olduğu kimi, cənab Prezident Füzulinin bərpa və yenidənqurmasına böyük diqqət və qayğı göstərir. Rayon işğaldan azad olunduqdan sonra cənab Prezident rayona 20 dəfə səfər etmiş, artıq azad olunmuş rayonlarda bir çox yaşayış məntəqələrinin təməlqoyma mərasimi olmuşdur. Müxtəlif infrastruktur lahiyələr, tikinti işləri aparılır, Füzuli rayonunun baş planının təsdiqlənməsi, Ağdam-Füzuli və Füzuli-Hadrut avtomobil yollarının tikintisi, rayonda çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, təhsil müəssisələrinin tikintisi və istifadəyə verilməsi, kəndlərin və şəhərdə yaşayış komplekslərinin təməllərinin qoyulması və s. həyata keçirilən işlər bunun bariz nümunəsidir.
Bəli, Füzulidə aparılan geniş quruculuq işləri, Böyük Qayıdışa şərait yaradacaq tədbirlər sürətlə və uğurla həyata keçirilməkdədir. Artıq Füzuliyə sakinlər köçməyə də başlayıb. İndiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər. Qeyd edək ki, 2040-cı ilədək şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.
Son dörd il tariximizə azad edilmiş torpaqlarımızın dirçəldilməsi, cənnət məkana çevrilməsi üçün atılan addımlarla, soydaşlarımizın mərhələ-mərhələ bu ərazilərə qayıdışı ilə yadda qaldı. Əldə olunan nəticələr növbəti illərin aydın mənzərəsini yaradır. Bu torpaqlara davamlı şəkildə yola salınan köç karvanları dünənimizdən bugünümüzə, bugünümüzdən gələcəyə istiqamətlənən yolun təqdimatında öz sözünü deyir. Növbəti köçün Xankəndiyə, Kəlbəcərə olacağını səbirsizliklə gözləyirik.
Hafizə Xudiyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı