20 oktyabr Zəngilanın işğaldan azad edildiyi gündür. Bu tarix Azərbaycan xalqının qürur duyduğu tarixlərdəndir. Azərbaycan xalqının şərəf və qürurunu, ləyaqət və vicdanını gələcək nəsillər üçün aydınlaşdıran bir gündür oktyabrın 20-si. Zəngilanın erməni faşizmindən azad edilməsi bütövlükdə Azərbaycanın şanlı Zəfər tarixinin silinməz salnaməsidir.
Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır. Həmin bayraq altında Azərbaycanın bu dilbər guşəsində sürətlə bərpa-quruculuq işləri aparılır. 27 il ərzində erməni barbarlarının viranə qoyduqları Zəngilan torpağı tikinti-quruculuq meydanına çevrilib. Cəmi 4 il əvvələ qədər həyatın söndürüldüyü bu ərazinin çox yerləri bu gün cənnətməkana bənzəyir. Bir çox yaşayış məskənində müasir infrastruktur qurulub, “ağıllı kənd” Ağalı salınıb. Zəngilan Beynəlxalq Hava Limanı regionun inkişafını sürətləndirir. Maraqlıdır ki, Böyük qayıdışa məhz Zəngilanda “ağıllı kənd”in tikintisi ilə start verilib. Ağalı kənd meydanında sülhün əbədi təmin olunmasını təcəssüm etdirən “Göyərçin” abidə-fəvvarə kompleksi yaradılıb.
Qeyd edək ki, Preizdent İlham Əliyevin işğaldan azad olunmuş ərazilərmizə hər səfəri özündə çox böyük mənəvi əhəmiyyət daşıyır. Zəngilan işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev bu rayona da 12 dəfə səfər etmiş və hər səfər zamanı çoxlu sayda obyektlərinin təməli qoyulmuş, hazır olan obyektlərin açılış mərasimləri qeyd edilmişdir. Ölkə başçısı İlham Əliyev işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Zəngilan rayonunda da aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.
Zəngilan rayonuna həm də böyük əhəmiyyətə malik nəqliyyat qovşağı kimi yanaşılır. Çünki bu yaşayış sahəsi mühüm nəqliyyat dəhlizləri üzərindədir. Təsadüfi deyil ki, düşməndən təmizlənən torpaqlarda inşa edilən ikinci hava limanı da məhz bu ərazidə yerləşir. Hava limanı hazırda bölgənin inkişafı baxımından mühüm rol oynayır. İşğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan Horadiz–Zəngilan dəmir yolunun inşası da hazırda son mərhələdədir və tezliklə Zəngəzur Dəhlizinin mühüm hissəsi olaraq istifadəyə veriləcək. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.
Prezident İlham Əliyev 2023-cü ilin sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında Horadiz–Zəngilan dəmir yolunun əhəmiyyətindən söz açaraq deyib: “Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Tezliklə biz bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı – bu gün bu istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni, bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir”.
Qeyd edək ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Zəngilan həm də nəqliyyat və logistik baxımdan seçilən rayonlarımızdandır. Çünki hava limanının istifadəyə verilməsi, Zəngilan üzərindən dəmiryolu və eləcə də avtomobil yollarının inşa edilməsi və gələcəkdə Zəngəzur dəhlizinə Zəngilanda formalaşan nəqliyyat şəbəkəsinin inteqrasiyası da nəticə etibarı ilə bu rayonumuzda logistikanın inkişafı baxımından da yeni imkanlar yaradacaq. Bu baxımdan da Zəngilan rayonu, çox qısa zamanda məskunlaşmadan sonra Azərbaycan iqtisadiyyatına xüsusi tövhə verən rayonlardan birinə çevriləcək.
Məhərrəm Piriyev,
YAP Salyan rayon təşkilatının əməkdaşı