Azərbaycanın beynəlxalq platformalardakı mövqeyi təkcə siyasi və iqtisadi deyil, eyni zamanda ekoloji məsələlərdə də böyük əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən, Azərbaycan 2023-cü ildə təxminən 35 milyon ton neft və 48 milyard kubmetr qaz ixrac edib. Ölkə Avropa İttifaqının qaz təchizatında mühüm rol oynayır və bu, xüsusilə BRICS ölkələri ilə enerji təhlükəsizliyi məsələlərində əməkdaşlıq perspektivlərini genişləndirir.
Azərbaycanın cari ilin noyabr ayında keçiriləcək COP29 kimi mötəbər beynəlxalq konfransa sədrliyi, ölkənin qlobal iqlim diplomatiyasında liderliyini təsdiqləyir. Bu sədrliyi vasitəsilə Azərbaycan Qlobal Cənub ölkələri ilə Qlobal Şimal arasında dialoq yaradaraq, iqlim dəyişikliklərinə qarşı birgə mübarizə imkanlarını genişləndirir. Ölkəmizin iqlim diplomatiyasındakı bu fəallığı, onu qlobal ekoloji problemlərin həllində mühüm aktor kimi tanıdır. COP29 ilə bağlı statistikaya əsasən, Azərbaycanın sədrliyi ilə keçiriləcək beynəlxalq tədbirə 190-dan çox ölkənin və 20 mindən çox nümayəndənin qatılması gözlənilir.
BRICS ölkələri də iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı mübarizədə mühüm ölkələrdir. Çin və Hindistan kimi ölkələr qlobal iqtisadiyyatın böyük payını təşkil edir və bu səbəbdən onların ekoloji strategiyaları beynəlxalq səviyyədə böyük təsir göstərir. Azərbaycan, COP29 çərçivəsində BRICS ölkələri ilə də iqlim siyasəti sahəsində əməkdaşlıq üçün yeni yollar axtarır. Bu kontekstdə Azərbaycanın iqlim və ekoloji sahələrdə qazandığı təcrübə BRICS ilə olan əlaqələrdə də yeni imkanlar yaradır.
Prezident İlham Əliyev oktyabrın 24-də Rusiyanın Kazan şəhərində keçirilmiş XVI BRICS Sammitində çıxışında da bu istiqamətdə bir sıra məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq: “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.
Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir. COP29-a ev sahibliyi etmək beynəlxalq münasibətlər sistemində Azərbaycana əlavə üstünlüklər qazandıracaq. Çünki Azərbaycan Prezidenti özünün fəaliyyəti dövründə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə çoxşaxəli diplomatiyaya və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsinə böyük önəm verib və bu fəaliyyət hazırda da uğurla davam etdirilir. Məhz COP29-un Azərbaycanda keçirilməsinə dəstək verilməsi də cənab İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzun və göstərdiyi xidmətin bir nəticəsidir.
Bu gün Azərbaycan dünayda təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi müəyyənləşdirilir və dəyərləndirilir. Hazırda bu sahədə çox mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycanın “yaşıl enerji” siyasəti bu sahədə mühüm əhəmiyyət daşıyır və ölkədə son illərdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi, insanların sağlamlığına xidmət edən bir sıra mühüm tədbirlərin görülməsi deməyə əsas verir ki, Azərbaycan gələcəkdə “yaşıl dünya” uğrunda mübarizədə öz yerini müəyyən edəcək və öndə olacaq. Bu gün işğaldan azad edilmiş ərazilər, Qarabağ və Şərqi Zəngəzur böyük günəş və külək enerjisi potensialına malikdir.
Həmin ərazilərdə quraşdırılan elektrik stansiyaları, ərazilərin bərpası, atmosferə atılan zəhərli maddələrin qarşısının alınması üçün görülən işlər onu deməyə əsas verir ki, keçirilən bir sıra tədbirlər tezliklə özünün müsbət nəticələrini göstərəcək. Bu gün COP29-la əlaqədar Azərbaycanda çox mühüm, dəyərli işlər görülür. Konfranslar, yığıncaqlar, toplantılar keçirilir, əhali arasında maarifləndirmə tədbirləri genişləndirilir. Əlbəttə ki, bu COP29-a bir hazırlıqdır.
2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin “yaşıl” gündəliyi ilə bağlı müəyyən olunmuş hədəflərə doğru aparan addımlardan biridir. Bununla bağlı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış sərəncamda Azərbaycanın energetika sahəsində, xüsusilə də sosial-iqtisadi inkişafın beş milli prioritetlərdən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınır. Xüsusilə də həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” və digər layihələr aiddir. COP29-un “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi isə ölkəmizin bu sahədə əldə etdiyi müsbət təcrübəni və yeni hədəflərini dünyaya çatdıra biləcək.
Vəfa Məmmədova,
MİHİ Salyan Rayon Komitəsinin sədri, YAP
fəalı