Qarabağ zəfəri: milli birlik, sarsılmaz iradə

Baş səhifə

Artıq dörd ildir ki, Azərbaycan xalqı yeni bir tarixin sevinci və qürurunu yaşayır. Bu tarix ölkəmizdə və yaşadığımız böyük bir coğrafiyada reallıqları dəyişmiş, parlaq gələcəyə doğru yol açmışdır. Bu yol 8 Noyabr 2020-ci ildən – 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən başlayır. Böyük qələbənin təməlində isə Azərbaycan dövlətinin illər ərzində həyata keçirdiyi güclü siyasət, ordunun təkmilləşdirilməsi, addım-addım həyata keçirilən hazırlıqlar, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzu, ən mühümü, heç vaxt itirmədiyimiz inamımız durur. 

Ümummilli Liderimiz Heydər Əliyevin ən başlıca amalı, siyasət xəttinin əsas istiqaməti Azərbaycanı bütöv, tam suveren, torpaqlarımızı işğaldan azad görmək idi. Ulu Öndər buna əmin idi və dəfələrlə bildirmişdi ki, torpaqlarımız erməni təcavüzkarlarından təmizlənəcək, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Bu amalı, istəyi, arzunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ustalıqla düşünüb hazırladığı siyasi və hərbi taktikanın – güclü ordu yaratmaqla, xalqı səfərbər etməklə reallığa çevirə bildi və əleyhimizə olan beynəlxalq gücləri, bəzi dövlətləri mat edərək 44 günlük müharibəni böyük qələbə ilə başa çatdırdı.

Azərbaycan Prezidentinin söylədiyi “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırıq və yaxınlaşdırdıq” ifadələri xalqa, orduya inamdan, qarşıya qoyulan vəzifələrə dəstəkdən gəlirdi. Cənab İlham Əliyev ordu quruculuğunu inkişaf etdirdi və ordunu gücləndirdi. Ordunun döyüş qabiliyyəti yüksəldildi, müasir silah-sursatla, texnika ilə təchiz edildi. Ölkənin hərbi sənaye kompleksi yaradıldı. İqtisadi inkişafa dəstək verən çox mühüm layihələr hazırlanıb yerinə yetirildi. Beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə əlaqələr genişləndirildi və milli maraqlara xidmət edən mühüm sənədlər imzalandı.

Xalqda qələbəyə böyük inam yaradıldı, orduya dəstək gücləndirildi. Torpaq uğrunda döyüşmək borca deyil, amala çevrildi. 44 günlük müharibə zamanı erməni ordusunda 10 mindən çox fərari olduğu halda əsgər və zabitlərimizdən bir nəfər belə azğın düşmənlə mübarizədə geriyə addım atmadı. On minlərlə insanın orduya könüllü yazılması və təxribatlar zamanı bir nəfər insanın belə öz evini tərk etməməsi xalqımızın mətanətinin və qələbəyə olan inamının ifadəsi idi. Ölkə rəhbərinin bildirdiyi kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəli gedirdi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyin və birliyin yeni bir nümunəsi oldu və dünyaya ölkədə yaşayan bütün xalqların bir məqsəd uğrunda mübarizə apardığını sübut etdi. Tarixi qələbə yeni inkişafa, ölkənin tərəqqisinə, beynəlxalq əməkdaşlığa yeni imkanlar yaratdı. Dünya Azərbaycanı öz azadlığı, haqq-ədalət, demokratiya, insan haqları uğrunda qətiyyətlə mübariz, öz sözünü deməyə qadir, güclü orduya və birliyə malik bir dövlət kimi tanıdı və dəyərləndirdi. Zəfərimiz 23 saatlıq antiterror tədbirlərinin uğurla nəticələnməsinə, erməni təcavüzkarlarının ayaqlarının torpaqlarımızdan kəsilməsinə zəmin yaratdı və güclü orduya, döyüşkən xalqa malik olduğumuzu bir daha təsdiqlədi.

Adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazan Ali Baş Komandan İlham Əliyevin hazırda Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu gün artıq 5 şəhər və 4 kənd sakinlərinə qovuşaraq yeni həyata başlayıb.

Qeyd etdiyimiz kimi, suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoyaraq yeni hədəflərə doğru inamla addımlayır. Son bir ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkilərinin keçirilməsi qürurverici hadisələrimiz sırasındadır. Ölkə Prezidenti İlham Əliyev “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir” fikirləri ilə ölkəmizin hər bir hədəfə doğru inamla irəlilədiyini təsdiqləyir.

Yalçın Abdullazadə,

YAP Salyan rayon təşkilatının məsləhətçisi,

“Vətən Müharibəsi” iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir