44 günlük İkinci Qarabağ müharibəsi XXI əsrin müharibəsi kimi dəyərləndirilir. 44 günün hər günü tarixə zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək işğalçını torpaqlarımızdan qovdu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalardan keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezidient İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü kimi təsis edildi.
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar göz qabağındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizə, o cümlədən azad Şuşaya yenidən həyat qayıdır. Bu qayıdışla Şuşaya yeni ruh, yeni nəfəs gəlir. Azadlığına qovuşmuş qədim şəhərimiz artıq böyük quruculuq, bərpa işləri, möhtəşəm tədbirlər məkanına çevrilib. Bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur. Müasir idarəçilik sistemi tətbiq edilir. Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada fəaliyyətə başladı. Görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edən təkmil idarəçilik sisteminin uğurları həm bərpa işlərinin miqyasında, həm də bu torpaqlara sakinlərin mərhələ-mərhələ qayıdışında aydın ifadəsini tapır.
Şuşanın əvvəlki simasının özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir. Hər daşının, qayasının altında bir tarix yatan Şuşa bu gün iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşa dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı, bütün türk dünyasını bir araya gətirdi. Şuşa möhkəm tarixi köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təsdiqi olan Bəyannamənin imzalanmasına şahidlik etdi. Şuşa Azərbaycanın, türk dünyasının, bu il isə bütövlükdə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi.
Artıq düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşaya doğru irəliləyərək açdıqları cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev bu yolu Zəfər yolu adlandırdı. Dövlətimizin başçısının digər azad edilmiş ərazilərimiz kimi, Şuşaya da hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Tarixi və dini abidələrimizin bərpası, yenidən qurulması işlərində Heydər Əliyev Fondunun rolu böyükdür. Bu gün Şuşa sözün əsl mənasında dirçəlir. Bu il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə şuşalılar doğma yurd-yuvalarına qayıtdılar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Həmin görüşdə Prezident İlham Əliyev bir daha bildirdi ki, Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.
Şuşa şəhərinin yenidən qurulması Azərbaycan üçün həm mədəniyyətin, həm də milli kimliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Şuşanın bərpası Azərbaycan xalqının tarixini yaşatmaq, milli irsini gələcək nəsillərə ötürmək və Qarabağda yeni bir həyat qurmaq məqsədi daşıyır. Şuşanın işğaldan azad edilməsi və bərpası ilə Azərbaycan həm keçmişinə olan sevgisini, həm də gələcəyə olan inamını nümayiş etdirir. Şuşa zəfəri Azərbaycanın hərbi və diplomatik mübarizəsində əldə etdiyi parlaq bir qələbədir. Azərbaycan xalqı, torpaqlarını azad edərək milli irsini qorumaq yolunda böyük bir addım atdı. Şuşanın işğaldan azad olunması, Qarabağın mədəni və tarixi irsinin bərpası üçün yeni bir dövrün başlanğıcı oldu.
Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri, Y
AP fəalı