Bayraq hər bir dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarı, şərəf və ləyaqətimiz, qürurumuz və güvənc yerimizdir. Bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, bölünməzliyinin rəmzidir. Ulu öndər Heydər Əliyevin müdrikliyi, qətiyyəti, cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb. Ulu öndər deyib ki, gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin: “Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”
Müstəqil Azərbaycanın dövlət bayrağı ölkəmizin və xalqımızın milli-mənəvi dəyərlərini özündə yüksək səviyyədə əks etdirir. Bayrağımızdakı mavi rəng türklük, yaşıl rəng müsəlmanlıq rəmzidir, qırmızı rəng isə müasirliyin simvoludur. Türkçülük, islamçılıq və müasirlik prinsiplərinin vəhdətini özündə əks etdirən dövlət bayrağımızın rəng simvolikası ötən əsrin əvvəllərində bir sıra Azərbaycan mütəfəkkirlərinin əsərlərində ifadəsini tapan müvafiq ideyalardan qaynaqlanır. Qeyd edək ki, Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bu bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Dövlət Bayrağımız hər bir vətəndaşımızın milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Ulu Öndər Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” sözlərini qürurla xatırlayır və örnək götürür.
Respublika Prezidenti İlham Əliyevin də vurğuladığı kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Bu gün xoşbəxt xalqıq ki, üçrəngli bayrağımız 30 illik həsrətdən sonra doğma sahiblərinə qayıdan Qarabağımızda, Xankəndidə, işğaldan azad edilən digər torpaqlarımızda dalğalanmaqdadır. Və biz xalq olaraq buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.
Zeynəb Məmmədli,
Salyan rayon Qarabağlı 2 kənd tam orta məktəbin direktor müavini, YAP fəalı