Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız varlığımızın təcəssümü, dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubiyyətini, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributudur. Xalqımızın azadlıq mücadiləsinin, milli kimliyinin və özünütəsdiqinin rəmzi olan ay-ulduzlu, üçrəngli bayrağımız milli qürurumuz, güvənc yerimizdir. Vətənimizin azadlığı uğrunda şəhid olan minlərlə soydaşımızın qanına boyanan, tarixin keşməkeşli yollarından keçib gələn bayrağımız bütün dünya azərbaycanlıları üçün müqəddəsdir. Dövlətin şərəf tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır.
Üçrəngli bayrağımız Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir.
Məhz dahi, uzaqgörən dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata keçirdiyi tədbirlər və verdiyi qərarlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyətinin təməlini təşkil etmiş, milli dövlət quruculuğunun əsasında dayanmışdır. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.
Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətini yeni məzmunda uğurla davam etdirən, ölkəmizin milli-dövlətçilik maraqlarını əsas tutan Prezident İlham Əliyevin uzaqgörən, dərin elmi əsaslara söykənən daxili və xarici siyasəti nəticəsində bu gün üçrəngli bayrağımız Vətən səmasının sönməz nuruna çevrilərək qürurla dalğalanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi olaraq ucaldıldığı tarix Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-u tarixini Dövlət Bayrağı Günü kimi rəsmiləşdirmişdir. Bu Sərəncama görə, 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu baxımdan artıq ənənə halını almış 9 noyabr – Bayraq günü Azərbaycan dövlətçiliyi tarixinə mübarizlik, şərəf, fərəh günü kimi daxil olmuşdur.
Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün dövlət başçısı kimi fəaliyyətə başlamasının iyirminci ildönümü günündə, möhtəşəm Zəfərimizin üçüncü ildönümü, eləcə də, 18 Oktyabr – Dövlət Müstəqilliyimizin Bərpası Günü ərəfəsində xalqımıza heç zaman unudulmayacaq hədiyyələr bəxş etdi. Belə ki, ölkəmizin Qarabağ iqtisadi rayonunda kök salmış separatşı və terrorçu ünsürlərə qarşı aparılmış lokal antiterror əməliyyatlarından bir ay keçməmiş Ali Baş Komandan Azərbaycan Bayrağının bütün yaşayış məntəqələrimizdə ucaldılmasına nail oldu. Həm də bu uğura cənab Prezidentin özü, şəxsən imza atdı. Ağdərə, Əsgəran, Xocalı, Suqovuşan, Xocavənd və Xankəndidə müqəddəs bayrağımızı öz əli ilə ucaltdı.
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır…” Prezident İlham Əliyevin 13 il bundan əvvəl – Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimdə əminliklə söylədiyi həmin fikirlər bu gün müasir Azərbaycan reallıqlarının zirvəsində yer alır. Bizim bayrağımız həqiqətən işğaldan azad etdiyimiz bütün şəhər və kəndlərdə dalğalanır.
Sitarə Təhməzova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktoru, YAP fəalı