Dövlət bayrağımız Azərbaycanın azadlığının, müstəqilliyinin və suverenliyinin simvoludur

Baş səhifə

9 Noyabr – Dövlət Bayrağı Gününün əhəmiyyəti Azərbaycan xalqı üçün böyük milli-mənəvi dəyərə malikdir. Bu bayram Azərbaycanın suverenliyini, birliyini və milli qürurunu simvolizə edir. Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı müxtəlif çıxışlarında dövlət bayrağının əhəmiyyətini və mənəvi dəyərini vurğulayıb. Dövlət başçısı qeyd edib: “Dövlət bayrağımız Azərbaycanın azadlığının, müstəqilliyinin və suverenliyinin simvoludur. Bu bayraq altında xalqımız ən ağır sınaqlardan üzüağ çıxmış, dövlətçiliyini və milli qürurunu qorumuşdur. Bizim üçrəngli bayrağımız hər bir azərbaycanlının ürəyində özünəməxsus yer tutur və onun yüksəldilməsi bizim ümummilli amalımızdır”.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının əlamətidir, mövcudluğunun təsdiqidir.

“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. – Ulu Öndər Heydər Əliyevin bu kəlamları da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” kəlamları da hər bir azərbaycanlının düşüncələrindədir.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimində Prezident İlham Əliyev çıxışında demişdi: “Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”. Qüdrətli Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçəkləşdi. Dörd ildir üçrəngli bayrağımız əzəli və əbədi torpaqlarımız olan Qarabağın səmasını bəzəyir, sərhəd ərazilərdə ən yüksək təpələrdə dalğalanır. Bu gün Azərbaycan torpaqlarından qürur dolu Zəfər duyğusu ürəkləri riqqətə gətirir, qalibiyyətin rəmzi olan xarıbülbül öz qələbə ətrini bütün Azərbaycana yayır. 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad edilmiş torpaqlarımıza üçrəngli, aylı-ulduzlu bayrağımız qəhrəman əsgərlərimiz tərəfindən sancıldıqca Azərbaycan xalqının qəlbi də fərəhlə dolurdu.

Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu bölgəmiz separatçılardan təmizləndi. İşğaldan azad etdiyi ərazilərdə dövlət bayrağımızın qaldırılması hər birimizi fərəhləndirdi. Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfərində bir daha qürurlu anları xalqımıza yaşatdı. Belə ki, bu səfər çərçivəsində dövlət başçısı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimlərində iştirak etdi. Bu səfərin ən əlamətdar hadisəsi ölkə Prezidentinin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını öz əlləri ilə ucaltması və buradan xalqa canlı müraciət etməsi idi. Bu, Ali Baş Komandanın növbəti Zəfər çıxışı idi. Prezident İlham Əliyev dedi: “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, onun ideallarına sadiqliyini bir daha nümayiş etdirdi. Bu möhtəşəm bayram günündə iftixar hissi keçiririk ki, Ümumilli Liderimiz tərəfindən Naxçıvanda ucaldılan üçrəngli bayrağımız bu gün bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır və bundan sonra da əbədi olaraq dalğalanacaqdır. Bayrağımız həm də bizim bütün Qələbələrimizin, savaşdakı Zəfərlərimizin əsas qayəsidir. Harada Qələbə varsa, orada qürür mənbəyimiz olan üçrənli bayrağımızın dalğalanması kimi xoş mənzərə var.

Məhəmməd Mehdiyev,

Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir