Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Yeni reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
6 noyabr tarixində Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə görüşü türkdilli ölkələrin birliyini möhkəmləndirmək və bu coğrafiyanın gücünü beynəlxalq səhnədə daha da artırmaq məqsədi daşıyan mühüm bir addım oldu. Sammit yalnız Türk dünyasının gələcəyinə deyil, həm də qlobal güc nisbətinə təsir edəcək bir tarixə imza atdı. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi bu sammit türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi və böyük strateji məqsədlərin reallaşması üçün əhəmiyyətli bir platformadır.
Qeyd edək ki, Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər birimizə yaxşı məlumdur. TDT-yə üzv dövlətlər Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas vəsilələrindən biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində zəruri infrastruktur yaradıb. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Əminliklə qeyd etmək olar ki, Bişkekdə keçirilən Zirvə görüşündə müzakirə edilən mövzular və irəli sürülən hədəflər təşkilatın gələcəyini daha parlaq edəcək və türk xalqlarının qlobal səhnədəki mövqeyini daha da gücləndirəcəkdir. Ən vacib məsələlərdən biri isə nəqliyyat əlaqələrini gücləndirmək və bu sahədəki potensialdan maksimum istifadə etmək idi. Bu baxımdan Zirvə görüşündə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Orta Dəhlizin potensialının tam şəkildə reallaşdırılması və Zəngəzur dəhlizinin açılması kimi məsələlər müzakirə olunmuşdur. Bu təşəbbüslər Türk dünyasının geosiyasi və iqtisadi gücünü daha da artırmaqla yanaşı, regionda yeni nəqliyyat və ticarət infrastrukturunun yaranmasına təkan verəcəkdir.
Bir sözlə, Türk Dövlətləri Təşkilatının artan gücü və mövqeyi, bu təşkilatın gələcəyi üçün yeni perspektivlər açır. Azərbaycan da bu inkişafın mərkəzində yer alaraq türk dünyasının birliyinə və əzəmətinə hər zaman sadiq qalacaq, bu birliyə verdiyi töhfələr yalnız siyasi sahədə deyil, həm də iqtisadi, mədəni və sosial sahələrdə öz təsirini göstərəcək.
Elmar Əbilov,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi, YAP fəalı