İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində türk dövlətləri fəal iştirak edirlər

Baş səhifə

Tarixi Zəfərimiz digər sahələrdə olduğu kimi, xarici siyasətdə də uğurlarımızın miqyasının daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri türk dünyasının birliyinin möhkəmləndirilməsidir. Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşündə dövlətimizin başçısı İlham Əliyev  Azərbaycanın yeni hədəflərini açıqlayarkən bu çağırışı xüsusi qeyd edib ki, bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. 

Dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin fonunda bütün türk dünyasının dəstəyinin, birliyinin şahidi oldu. Azərbaycan və Türkiyə mühüm addımları ilə türk dünyasının həmrəyliyinə davamlı töhfələr verirlər. Hazırda türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Dünya bu birliyi hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür.

Dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında diqqəti bir sıra mühüm məqamlara yönəltdi.  Bildirdi ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

Hər bir tədbirdə  Prezident İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Zirvə görüşü bu baxımdan da diqqətdə oldu. Dövlətimizin başçısı bildirdi ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kənd və qəsəbələrimiz tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə  genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.  Prezident İlham Əliyev Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə təşəkkürünü bildirdi.

Məlumat üçün qeyd edək ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri sürətlə aparılır və sevindirici haldır ki, bu proseslərdə türk dövlətləri də fəal iştirak edirlər. Beləki, Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi tikilib istifadəyə verilib, Qırğızıstan tərəfindən hazırda Ağdamda orta məktəb tikilir. Türkiyə tərəfindən isə bir sıra tikinti işləri həyata keçirilir. Vurğulayaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük quruculuq işlərində qardaş Türkiyə 20-dən çox şirkətlə 50-yə yaxın layihə icra edir. Bu bərpa – quruculuq işlərinin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir.

Göründüyü kimi, dünyanın qütbləşdiyi, yeni geosiyasi bölgülər uğrunda savaşların başladığı hazırkı dövrdə türkdilli dövlətlərin birgəliyi, həmrəyliyi olduqca vacibdir. TDT-nin Bişkekdə keçirilən Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev də məhz bu məqama vurğu etdi: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır”.

Həsən Abdullayev,

Salyan rayon Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə,

YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir