Tarix heç vaxt heç nəyi unutmur. Zaman-zaman baş vermiş hadisələri gələcək nəsillərə çatdırmaq üçün daim daş yaddaşında qoruyub saxlayır. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı qələbəni də tarix heç vaxt unutmayacaq. Müstəqil Azərbaycanın hərb tarixinin şanlı səhifəsi kimi özündə əbədi yaşadacaq.
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan və 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycan əsgəri və zabiti əsrlər boyu böyük maraqla oxunacaq qəhrəmanlıq dastanları yazdı. Hərbçilərimiz torpaqlarımızın hər qarışı uğrunda cəsarətlə vuruşdular, şirin canlarını belə Vətən uğrunda qurban verməkdən çəkinmədilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Silahlı Qüvvələrimiz 30 ilə yaxın işğalda qalmış ərazilərimizi düşməndən azad etdilər. Azərbaycan Ordusunun əməliyyatlar zamanı həyata keçirdiyi döyüş taktikası bu gün də dünyanın bir çox aparıcı ölkələrinin hərbi mütəxəssisləri tərəfindən diqqətlə öyrənilir.
Bəli, dörd ildir ki, Azərbaycan xalqı artıq qalib xalq kimi yaşayır. Ötən il keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bütün ölkə ərazisində bərpa olunmasından sonra Zəfər Günü daha böyük ruh yüksəkliyi, coşğu və təntənə ilə qeyd edilir. Prezident İlham Əliyev çıxışlarında bildirdiyi kimi, bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Buna baxmayaraq, bəzi ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul edə bilmirlər. Onlar hər vəchlə Ermənistanı danışıqlar prosesindən yayındırmağa çalışır, sülh sazişini imzalamamağa təhrik edirlər. İrəvan belə ölkələrdən həm silah-sursat, həm də siyasi dəstək alır. Əlbəttə, söhbət ilk növbədə Fransadan, Parisin təsirinin güclü olduğu Avropa ölkələrindən, ABŞ-dəki, Avropa İttifaqındakı bəzi qüvvələrdən gedir. Məqsəd bölgədə yenidən qarşıdurma yaratmaq, yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etməkdir.
Ermənistanın silahlandırılması və bunun region üçün fəsadları barədə Azərbaycan vaxtında dünya ictimaiyyətini xəbərdar edir. Prezident İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etdikdən sonra xalqa müraciətində bildirdi ki, hazırda bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər: “Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar”.
Dövlətimizin başçısı qeyd etdi ki, biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırırlar, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və heç vaxt silinməməlidir.
Cənab İlham Əliyevin bildirdiyi kimi, biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onun arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir.
Bütün ermənipərəst dövlətlər və qüvvələr Azərbaycanda xalq–iqtidar birliyinin möhkəmliyini və güclü orduya malik olduğumuzu bilməlidir. Azərbaycanı hədəfə götürənlər bilməlidirlər ki, təzyiq və təhdid yolu ilə heç nəyə nail ola bilməyəcəklər. Lazım gələndə Azərbaycan yenə də bu qüvvələrə layiqli cavab verəcək. Ermənistan sülhə töhfə verməyə fokuslanmalıdır. Əks halda nə İrəvan, nə də onun havadarları uğur qazana bilməyəcəklər.
Faiq Çobanov,
Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru, YAP fəalı