Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millətimizin torpaqlarına sahib çıxan, yenilməz, məğrur xalq kimi qürurunun dünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü böyük təntənə ilə qeyd etdik. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etmələri, dövlətimizin başçısının bu məkandan Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi milli qürur, iftixar mənbəyimiz olan şanlı Zəfər Günü münasibətilə təbrik etməsi sevincimizi qat-qat artırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və hazırkı postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, parlaq Qələbəmizdir. Həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gündə Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli getdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik. Qırx dörd gündə şəhərlərimizin, kəndlərimizin azad edilməsi ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.
Gənclərimizin zəngin tariximizin hər bir səhifəsini öyrənmələri, vətənpərvərlik ruhunda tərbiyə olunmaları bugünümüzün əsas çağırışları sırasındadır. Azərbaycan gənci bunu 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı qəhrəmanlıq dastanı ilə nümayiş etdirdi. Vətən, torpaq sevgisi bizi böyük Qələbəyə qovuşduran əsas amil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən çıxışında diqqəti bir daha bu reallıqlara yönəltdi. Bildirdi ki, indi təcavüzkar dövlətin bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı, məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi olmayıb. Yəni, bunu dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.
Artıq Qarabağımızda separatçıların izi-tozu belə qalmayıb. Ötən ilin sentyabrında Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Tarixi ədalətə söykənən siyasətimizin zəfərlərindən biri də Qazaxın dörd kəndinin döyüşsüz geri qaytarılması oldu. Dövlətimizin başçısı çıxışında bu məqamlara diqqət yönəldərək bildirdi ki, İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir.
Çox fərəhləndirici haldır ki, Müzəffər Ali Baş Komandanın hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Dövlət başçısı İlham Əliyevin Zəfər Günündə Zəfər parkından səsləndirdiyi çağırışlar həm işğalçı dövləti, həm də ona dəstək olanları ciddi düşündürməlidir. Postmünaqişə dövrünün reallıqlarına nəzər salsaq Azərbaycanın tarixi Zəfərini, suverenliyini tam bərpa etməsini həzm edə bilməyən bəzi Qərb dövlətlərinin Ermənistanı yeni müharibəyə təhrik etdiklərini aydın şəkildə görərik. Onlar Cənubi Qafqazda vəziyyətin gərginləşməsində nə qədər maraqlı olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Dövlətimizin başçısı bu çağırışı da etdi ki, Ermənistanı silahlandırma siyasətindən əl çəkilməli, buna son qoyulmalıdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər. Onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Prezident İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir.
Hazırda azad edilmiş bütün torpaqlarımız dirçəlir və soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər. Yenilməz, məğrur xalqımıza daim qələbə yaraşır. Dövlətimizin başçısı Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlardan olan Zəfər parkının açılışı mərasimində bir daha böyük əminliklə bəyan etdi ki, bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Emin Ağayev,
YAP Salyan rayon təşkilatının gənc fəalı