Azərbaycan kiçik ada dövlətlərinin eşidilən bir səsidir 

Baş səhifə

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində dünya bir daha Azərbaycanın müstəqil siyasətinə, söz sahibinə çevrildiyinə şahid oldu. Sammitdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. 

Ali tribunadan inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olanlara müraciət edən Prezident İlham Əliyev kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərilməsinin vacibliyini söyləyərək dedi ki, bu dəstək sayəsində onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilərlər.

Dövlət başçısı son illərdə iqlim dəyişikliyinin yaratdığı fəsadların Azərbaycandan da yan keçmədiyini sammit iştirakçılarının diqqətinə çatdırdı. Bunu Xəzər dənizinin ildən-ilə dayazlaşması faktı ilə dünyaya təqdim etdi: “İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir”, – deyə cənab Prezident vurğuladı.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Azərbaycan həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Azərbaycan Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmik Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb.

Möhtərəm Prezidentin söylədiyi fikirlər bir daha onu təsdiqlədi ki, Azərbaycanın yalnız öz gücünə reallaşdırdığı layihələr ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Dünya liderlərinin, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.

Sammitdə  çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycana qarşı qarayaxma kampaniyasının başında duran Fransa və Niderlanda tarixi dərs keçdi. Belə ki, möhtərəm Prezident sammit iştirakçılarının diqqətinə çatdırdı ki, neokolonializm və iqlim dəyişmələri – Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sent-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə onların dekolonizasiya prosesi hələ də yubanır.

Dövlət başçısı həmçinin xatırlatdı ki, 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görmək olar. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı göstərir ki, rejimin bu yaxınlarda insan hüquqlarının pozulmasından danışması tam absurddur. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralayıb. 1700 insan həbs edilib. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşürlər. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.

Göründüyü kimi, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev tam müstəqil siyasəti ilə istənilən basqıya, yalana, iftiraya layiqli cavab verməklə gücünü, qüdrətini dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev sammitdə məzmunlu və tutarlı çıxışı ilə beynəlxalq platformada nəinki Azərbaycanın qlobal problemlərin həllində oynadığı mühüm rolunu diqqətə çatdırdı, eyni zamanda, dünyaya açıq mesaj verdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli aktoru kimi üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirəcək və bu istiqamətdə həmişə ədalətin tərəfində olacaq.

Sahib Həsənov,

Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir