Xalqımız bu gün Konstitusiya Gününü daha böyük qürurla qarşılayır

Baş səhifə

Hər bir ölkənin tarixində ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrdən biri də Konstitusiyanın, yəni, dövlətçiliyin və cəmiyyətin fəaliyyətinə hüquqi təminat yaradan əsas qanunlar toplusunun qəbul edilməsidir. Azərbaycan 20-ci əsrin əvvəllərində öz müstəqilliyinə qovuşdu. Çox qısa  dövrdə  əsas dövlət atributlarına mənsub olan xalqımız mürəkkəb tarixi şəraitin doğurduğu çətinliklər səbəbindən öz Konstitusiyasını yaratmağa imkan tapmamışdı. Keçmiş sovetlər dövründə Azərbaycan müttəfiq bir respublika olaraq dörd dəfə öz Konstitusiyasını qəbul etsə də, çox təəssüf ki,  bu hüquqi sənədlərdə xalqımıza xas olan milli dəyərlər öz əksini tapa bilməmişdi, çünki xalqın iradəsi nəzərə alınmadan hazırlanan qanunlar əsasən Sovet ideologiyası ruhunda yazılırdı.

1991-ci ildə Azərbaycan müstəqil dövlətçiliyini yenidən bərpa edə bildi. İlk illərdə dövlətin qeyri-peşəkar siyasətçilər tərəfindən idarə olunması cəmiyyətin bütün sahələrində olduğu kimi, qanunvericilik bazasında da boşluq yaratmışdı. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqın təkidilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində vacib islahatlar həyata keçirildi. 1994-cü ildə Ulu Öndərin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı, qanunlarımız milli ruhda hazırlandı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə Azərbaycanın Əsas Qanunu qəbul edildi. Dövlətin fəaliyyətini tənzimləyən belə bir mükəmməl Konstitusiyanın hazırlanması bir həqiqəti də sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu tarixi sənədin mahiyyətini təhlil edərək deyirdi: “Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk, tamamilə sərbəst, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”.

Konstitusiyanın qəbulu respublikamızın müasir tarixinin əlamətdar siyasi hadisəsidir. Ona görə noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Konstitusiyanın qəbulu respublikamızda yeni və pozitiv dəyişikliklərə imkan yaratdı, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Eyni zamanda Azərbaycanın iqtisadi və sosial inkişafı üçün hüquqi əsaslar yaradıldı. Yeni Konstitusiyanın qəbul edilməsi müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində möhkəm və milli maraqları ehtiva edən təməlin yaradılması istiqamətində vacib addım oldu.

Demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Konstitusiyamızın preambulasında bəyan olunan niyyətlərdir. 1995-ci ildən ötən 29 ildə Azərbaycanın keçdiyi yol təsdiq edir ki, bu niyyətlərin hər biri uğurla gerçəkləşib.

Qürur hissi ilə qeyd etməliyik ki,  2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ötən il keçirilən antiterror tədbirlərinin nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunması nəticəsində Konstitusiyamızda yer alan Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb.

Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir, respublikamızın ərazisi özgəninkiləşdirilə bilməz. Bu maddədə yer alan prinsiplər də tam təmin olunub. Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan dövlətinin konstitusiya əsasları təmin edilib. Ona görə xalqımız Konstitusiya Gününü də daha böyük qürurla qarşılayır.

 

Aysel Hüseynova, Salyan şəhəri, gənc YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir