Konstitusiyamız milli maraqlarımızın real ifadəsidir

Baş səhifə

Konstitusiya hər bir hüquqi dövlətin sarsılmaz təməlidir. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və noyabrın 27-də qüvvəyə minib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyalarda isə 1925-ci il martın 14-də və 1978-ci ilin aprelin 21-də qəbul edilib.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.

Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyur.

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyərək vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edirdi. Ümummilli lider Heydər Əliyevin Əsas Qanunumuzla bağlı söylədiyi “Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir” fikri, zənnimizcə, bu ali hüquqi sənədin dövlət və cəmiyyətdəki roluna verilən ən mühüm qiymətdir. Konstitusiyada əksini tapmış mühüm müddəalardan biri də xalqın hüquq və mənafeləri ilə bağlı bütün məsələlərin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır.

Ötən 29 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum yolu ilə Azərbaycan Konstitusiyasına bir sıra əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Konstitusiyaya edilən bu əlavə və dəyişikliklər nəticəsində əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi, “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.

 

Ramil Hüseynov,

YAP Salyan rayon təşkilatının ƏPT sədri, gənc YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir