Ermənistanın kapitulyasiyası və Azərbaycanın tarixi zəfəri

Baş səhifə

Azərbaycanın Zəfəri təkcə bir ölkənin deyil, bütün millətin qəhrəmanlıq simvoluna çevrilmiş tarixdir. 44 gün davam edən Vətən müharibəsi müstəqil dövlətimizin gücünü, əzmini və iradəsini dünyaya göstərdi. İlham Əliyev bu mübarizənin lideri olaraq cəsarətini hər addımda nümayiş etdirdi. Onun rəhbərliyi ilə Azərbaycanın hər bir vətəndaşı öz gücünü nümayiş etdirdi, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşuldu. Zəfər yalnız hərbi uğur deyil, həm də bir milli ideologiyanın təntənəsi oldu. Prezident İlham Əliyev Azərbaycanın haqqını dünya qarşısında layiqincə müdafiə etdi. Müharibə boyunca düşmənə qarşı göstərilən döyüş əzmi ordumuzun öz gücünə olan inamını artırdı.

Azərbaycanın parlaq qələbəsi dünya tarixində yeni bir səhifə açdı. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat Azərbaycan və Ermənistan arasında Vətən müharibəsinin başa çatmasını və Qarabağda vəziyyətin nizamlanmasını təmin edən mühüm bir sənəd oldu. Bu bəyanat Azərbaycan üçün tarixi Zəfərin əldə edilməsi ilə nəticələndi və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi 30 ildən sonra işğal altındakı torpaqlarını azad etməsi ilə geniş mənada bir dövrün sonunu gətirdi. Bəyanat, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, münaqişənin növbəti mərhələsinin başlanması və gələcəkdəki əlaqələrin formalaşdırılması üçün əsas hüquqi çərçivə yaratdı.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Qarabağ münaqişəsinin sonu və Ermənistanın kapitulyasiyası olaraq qiymətləndirilir. Moskvanın vasitəçiliyi ilə baş tutan üçtərəfli razılaşma Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılmasını və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsini nəzərdə tuturdu. Sənədin əsas müddəalarına nəzər saldıqda ötən 4 il ərzində onun həyata keçirilməsində yaranan maneələri və Ermənistanın öhdəliklərindən boyun qaçırmasını görürük.

Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər rayonları hərbi əməliyyatlarsız geri qaytarıldı. 9 bənddən ibarət Bəyanatın 4-cü bəndində qeyd olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Bundan sonra Azərbaycan və Rusiya ali rəhbərliyi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdilər.

Üçtərəfli Bəyanata Azərbaycan Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması dövlətimizin mühüm diplomatik qələbəsidir. Belə ki, Bəyanat təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaradır. Bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi göstərilir. Həmçinin, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Cənubi Qafqazın inkişafında böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması iki qardaş ölkə ilə yanaşı, Orta Asiya ölkələri, Rusiya, o cümlədən Ermənistanın özünün də iqtisadi maraqlarına tam cavab verir. Belə ki, heç bir ölkə ilə dəmir yolu əlaqəsi olmayan qonşu ölkənin yüklərin daşınması imkanları məhduddur. Bu mənada, dəhlizin açılması İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra dalan vəziyyətinə düşən Ermənistanın özü üçün də vacibdir. Eyni zamanda, Zəngəzur dəhlizi türk dünyasını birləşdirmək və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməklə Qərbdən Şərqə uzanacaq ticarət yolu olacaq. Dəhlizin reallaşması bölgədə nəqliyyat şəbəkələrini genişləndirəcək və region ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Avropa və Asiyanı birləşdirən ən qısa və səmərəli marşrut olacaq Zəngəzur dəhlizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.

Bir sözlə, 10 noyabr Bəyanatı Azərbaycan üçün tarixi bir əhəmiyyətə malikdir. Ermənistanın kapitulyasiya aktı olaraq qəbul olunan bu Bəyanat Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək yolunda mühüm bir addım oldu. Ermənistan bəzi maddələrə əməl etməkdən boyun qaçırsa da Azərbaycanın həyata keçirdiyi əməliyyatlar, xüsusilə lokal xarakterli antiterror tədbirləri və sülhməramlı kontingentin vaxtından əvvəl ərazidən çıxması Azərbaycanın strateji üstünlüyünü daha da möhkəmləndirmişdir. Bu hadisə ölkəmizin diplomatik və hərbi səyləri nəticəsində əldə edilən böyük bir zəfər olaraq tarixdə iz buraxacaq.

 

Anar Hacıyev,

Salyan şəhəri, gənc YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir