Bütün hədəflərə nail olmuş Azərbaycan Ordusu

Baş səhifə

İkinci Qarabağ müharibəsindəki şanlı Zəfər bir daha təsdiq etdi ki, Azərbaycan regionda ən güclü orduya malik ölkədir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verən Silahlı Qüvvələr kimi formalaşıb. Vətən maharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir.

Vətən müharibəsi ordumuz üçün həm də bir sınaq oldu.  İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, texnikalardan yararlanma və ən başlıcası isə vahid komandanlıq sisteminin idarəedilməsinin uğurlu nəticəsi göz qabağında oldu. Vətən savaşında böyük döyüş təcrübəsi toplayan silahlı qüvvələrimizin hazırda maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, onların müasir hərbi texnika və silah-sursatla təchizatı bunun əyani təzahürüdür. Xüsusən də yeni yaradılan komando briqadaları müasir yeniliklərdən biridir və Azərbaycanda bir ilkdir.

Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, bütün bunlar Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Hər bir azərbaycanlı da bununla qürur duyur. Peşəkar jurnalistlərimiz ordumuzun gündən-günə güclənən qüdrətindən, yüksələn vətənpərvərlik hissindən və aparılan islahatlardan rəsmi mənbələrə əsaslanan maraqlı reportajlar, məqalələr hazırlayıb ölkə ictimaiyyətinə və dünyaya təqdim edirlər.

Ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun təzahürüdür. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Tarixi qələbənin qazanılmasında Ali Baş Komandan, Müzəffər Azərbaycan Ordusudur. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Böyük Sərkərdəlik, Liderlik bacarığına malik dövlət başçımızın rəhbərliyi ilə Milli Ordumuzun qələbəsi qaçılmaz idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi və böyük Sərkərdəliyi sayəsində torpaqlarımız işğalçılardan azad edildi. Əlbəttə ki, Azərbaycan Ordusunun gücü dövlətin qüdrətinin nümunəsidir. Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha bir missiyanı uğurla yerinə yetirdi. Azərbaycan Ordusu Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb, Şanlı Ordumuzun qəhrəmanlığına və peşəkarlığına yüksək qiymət verib: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Artıq Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır, milli qürurumuz, kimliyimiz özümüzə qayıdıb, xalqımızın alnı açıq, üzü ağdır. Azərbaycan Ordusunun zəfəri ilə azadlığına qovuşmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

 

Mirvaleh Muradov,

Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir