Ağdam yenidən ağ günlərinə qovuşur

Baş səhifə

30 il işğal altında qalan torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla sahibinə qovuşdu. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bu mühüm sənədin imzalanmasında Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi əhəmiyyətli rol oynadı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı.  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan tarixi sahibinə qaytarıldı. 

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. Xüsusilə Ağdam erməni vandalizminin, barbarlığının şahididir. Ermənistan burada qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişlər. Mütəxəssislərin hesablamalarına görə bu işğal illəri ərzində Ağdama 10 milyardlarla ABŞ dolları dəyərində ziyan dəyib. Çox sayda tarixi və mədəniyyət abidələri, memarlıq nümunələri və ekoloji terrora məruz qalan ağaclar belə məhv edilmişdi. Bundan əlavə işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsini də həyata keçirmişdi.

Erməni vəhşiliyini görən yerli və xarici mütəxəssislər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 23-də Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırması ilə Ağdamın yenidən bərpasının təməli qoyuldu. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bu gün sürətlə bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdam şəhərinə hər bir səfəri  yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən ötən dörd ildə Ağdam rayonuna 9 səfəri olub. Həmin səfərlər çərçivəsində atılan addımlar firavan gələcəyə doğru aparır. Ümumiyyətlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir azad edilmiş torpağa ilk səfəri burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazılır. Bu ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır. Artıq Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdamda reallaşdırılan yeni infrastruktur layihələri haqqında “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” fikirləri onu deməyə əsas verir ki, yaxın gələcəkdə Ağdam Azərbaycanın ən gözəl şəhərlərindən biri olmaqla əvvəlki nüfuzunu və şöhrətini bərpa edəcək.

Qürurla demək olar ki, bu gün azad edilmiş ərazilərimizin hər biri müasir tələblər səviyyəsində, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə yenidən qurulur. Ağdam Azərbaycanda ilk “ağıllı şəhər” olacaq. “Ağıllı kənd”in ilk ünvanı isə Zəngilan rayonunun Ağalı kəndidir. Tezliklə bütünlüklə cənnətə çevriləcək Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.

Xanım Hüseynova,

YAP Salyan rayon təşkilatının gənc fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir